“TEXNİKİ ALİ MƏKTƏBLƏRDƏ TƏHSİLİN MÜASİR PROBLEMLƏRİ” MÖVZUSUNDA KONFRANS
AZƏRTAC xəbər verir ki, mayın 5-də Azərbaycan Texniki Universitetində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş “Texniki ali məktəblərdə təhsilin müasir problemləri” mövzusunda elmi-praktiki konfrans öz işinə başlamışdır.
Əvvəlcə müdrik dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən film nümayiş etdirilmişdir.
Universitetin rektoru, professor Havar Məmmədov ümummilli liderimizin Azərbaycan tarixindəki rolundan, onun respublikaya rəhbərlik etdiyi onilliklər ərzində əldə olunan uğurlardan, ulu öndərimizin şərəfli ömür yolundan danışmışdır. Qüdrətli siyasi xadimin demokratik və hüquqi dövlət quruculuğu yolunda həyata keçirdiyi uzaqgörən və məqsədyönlü siyasətdən ətraflı söhbət açılmışdır.
Bildirilmişdir ki, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 85 illiyi respublikamızda və digər ölkələrdə geniş qeyd edilir.
Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Milli Məclisin komissiya sədri Rəbiyyət Aslanova, professor Fərrux Ramazanov və digər natiqlər də dahi rəhbərimiz Heydər Əliyevin yorulmaz fəaliyyəti sayəsində respublikamızın ilbəil inkişaf etdiyini, irimiqyaslı beynəlxalq layihələrin reallaşdırıldığını, iqtisadiyyatımızın, elm və təhsilimizin, mədəniyyətimizin dünyaya uğurla inteqrasiya olunduğunu bildirmiş, ümummilli liderimizin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər.
1988-1992-ci illərin qanlı, faciəli hadisələrini xatırladan natiqlər, vurğulamışlar ki, xalqın təkidli tələbi ilə qüdrətli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qaydışından sonra ölkəmiz parçalanmaq və dağılmaq təhlükəsindən xilas olmuş, dinamik inkişaf yoluna çıxmışdır. Bu gün respublikamız dünya ölkələri arasında özünə layiqli yer tutmuşdur.
Sonra dosent Şikar Qasımovun “ Heydər Əliyev və Azərbaycanda texniki tərəqqi” mövzusunda məruzəsi dinlənilmişdir.
Konfrans mayın 8-də başa çatacaqdır.