REGİONLAR
Teymur Göyçayev Naxçıvanda musiqi məktəblərinin müəllim və tələbələri üçün ustad dərsi keçib
Naxçıvan, 20 noyabr, AZƏRTAC
Naxçıvan Musiqi Kollecində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dirijoru və bədii rəhbəri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru, Xalq artisti, “Şöhrət” ordenli dirijor Teymur Göyçayevin rəhbərliyi ilə muxtar respublikada fəaliyyət göstərən uşaq, musiqi, incəsənət və bədii sənətkarlıq məktəbinin şagird və müəllimləri, eləcə də Musiqi Kollecinin müəllim və tələbələri üçün ustad dərsi təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Teymur Göyçayev dərsdə gənc ifaçılara ifa etdikləri alətin texnikası və düzgün istifadə qaydaları haqqında məsləhət və tövsiyələrini verib, onları musiqinin sirlərinə dərindən yiyələnməyə səsləyib. Dirijor müəllim və tələbələrin suallarını cavablandırıb.
Naxçıvan Musiqi Kollecinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi Günay Əliyeva bildirib ki, Teymur Göyçayevin rəhbərlik etdiyi orkestr bir neçə dəfə Naxçıvanda geniş konsert proqramları ilə çıxış edib. Bu gün isə görkəmli dirijor şagird və tələbələr üçün ustad dərsi keçir. Həmin dərslər vasitəsilə musiqi qabiliyyətinə malik istedadları aşkara çıxarılan uşaqlara yeni bacarıqlar aşılanır və onların sənət vərdişləri inkişaf etdirilir. Günay Əliyeva dirijor Teymur Göyçayevə bu gün təşkil edilən maraqlı dərs üçün minnətdarlığını bildirib.
AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibə verən görkəmli musiqi xadimi bildirib ki, Naxçıvana dördüncü dəfədir gəlir: “Sonuncu dəfə 2010-cu ildə Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında bədii rəhbəri olduğum Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti üçün gəlmişdik. Bu gün isə gələcək musiqi ifaçılarımıza təcrübəmizi paylaşmaq, Naxçıvanı yenidən gəzmək, görmək üçün buradayam. Hər dəfə bura gələndə çox gözəl hisslərlə qayıdıram. Şəhərin təmizliyi, gözəlliyi, insanların qonaqpərvərliyi mənə ruh verir. Yaradılan bu gözəlliklər həqiqətən də muxtar respublikada mövcud olan nümunəvi bir dövlətçilik modeli, yurda bağlılıq nümunəsidir”.
O deyib ki, burada çox istedadlı insanlar yaşayır, həm də istedadlı gənclər yetişir. Muxtar respublikada mədəniyyətə, incəsənətə, musiqiyə, bu sahədə fəaliyyət göstərən insanlara xüsusi diqqət və qayğı var.
“Mən bura gəlməmişdən qabaq muxtar respublikanın Mədəniyyət naziri ilə görüşdüm. Çox istərdim ki, Bülbül adına Orta İxtisas məktəbi ilə burada fəaliyyət göstərən musiqi məktəbləri arasında körpü yaradaq, birlikdə maraqlı layihələr hazırlayaq, sənət mübadiləsi aparaq. Çünki buradakı uşaqların çox gözəl göstəriciləri və ümidverici istedadları vardır”, - deyən Teymur Göyçayev bildirib ki, gənc istedadları kəşf edib onların inkişafına töhfə vermək üçün hər zaman əlindən gələni etməyə hazırdır.