Teymur Məmmədov: Boksda uğur qazanmaq üçün çox çalışmaq lazımdır
Bakı, 10 iyul (AZƏRTAC, Pərvanə Rəhimova). Son 10 ildə Azərbaycan idmanının tarixində şanlı səhifələr yazılmışdır. Ötən dövr ərzində Azərbaycanda idman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma müşahidə olunmuşdur. 2012-ci ildə London Olimpiadasında 53 lisenziya ilə 16 idman növündə təmsil olunan ölkəmizin idmançıları 10 medal qazanmaqla Azərbaycanın dünya Olimpiya hərəkatındakı lider mövqeyini bir qədər də möhkəmləndirmişlər. Burada qazanılan iki medal məhz boks millisinə aid idi. Azərbaycan milli komandasının 2 üzvü -Teymur Məmmədov və dünya çempionu Məhəmmədrəsul Məcidov Olimpiya Oyunlarının bürünc mükafatçıları olmuşlar.
Boks üzrə Avropa çempionu, dünya çempionatının gümüş və bürünc, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov AZƏRTAC-a eksklüziv müsahibəsində idmana gəlişindən danışmışdır. Atası, əmisi və babası boksçu olan Teymur Məmmədov uşaqlıqdan onların yollarını davam etdirmək istədiyini, bütün nəslin boksçu olmasının onda yaxşı idmançı kimi yetişməyə həvəs yaratdığını demişdir.
Boks idmanında uğur qazanmaq üçün çox çalışmaq lazım olduğunu deyən rinq ustası, müxtəlif yarışlarla bağlı yaddaqalan anlarını xatırlayaraq demişdir ki, məşqlər zamanı evdəkiləri görmürsən, hər gün iki dəfə məşq edirsən, müxtəlif ölkələrdə məşqlərə gedirsən. Zədələr olur. Londonda yarımfinala adladığım an həyatımda ən yaddaqalan hadisə olmuşdur. Çünki həmin an Olimpiya Oyunlarından medalla qayıdacağımı artıq bilirdim.
2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi medalı” ilə təltif olunmuş, 2013-cü ilin yekunlarına görə ilin idmançısı seçilmiş boks üzrə Azərbaycan millisinin üzvü Teymur Məmmədov gələcək planları haqqında danışmışdır. Bildirmişdir ki, iki məqsədim vardır. 2015-ci ildə Vətənimizdə keçiriləcək ilk Avropa Oyunlarında çempion olmaq. İkincisi isə 2016-cı ildə Riode Janeyroda baş tutacaq Olimpiya oyunlarında yüksək nəticə göstərmək.
Dünya Boks Seriyası (WSB) Liqası yarışlarında mübarizə aparan, “Baku Fires” komandasının üzvü, həm də həvəskar boks sahəsində 91 kq çəki dərəcəsində özündən artıq çəkidə olan rəqiblərlə vuruşan Teymur Məmmədov bu barədə də danışmışdır. O, London Olimpiya Oyunlarında yarımfinalda Klemente Russonu məğlub etsə də, hakimlərin qələbəni rəqibə verməsini təəssüf hissi ilə xatırlamışdır.