Tiaqo Silva klublararası dünya çempionatın ən yaxşı oyunçusu seçilib
Bakı, 13 fevral, Nicat Məmmədov, AZƏRTAC
İngiltərənin "Çelsi" klubunun futbolçusu Tiaqo Silva klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
AZƏRTAC xəbər verir ki, braziliyalı müdafiəçi turnirin həlledici görüşündə 120 dəqiqə meydanda olub. O, həmçinin londonluların heyətində turnir boyu bütün görüşlərində meydanda əsas heyətdə yer alıb.
"Palmeyras"ın iki futbolçusu - Dudu və Danilo bu nominasiya üzrə ikinci və üçüncü yerləri tutublar.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının finalında "Çelsi" Braziliyanın “Palmeyras” komandasını əlavə vaxtda vurduğu qolla məğlub edib - 2:1.
Turnirin üçüncü yer uğrunda matçında isə "Əl-Hilal" klubu "Əl-Əhli" komandasına böyük hesabla məğlub olub - 4:0.