Tibb Universitetinin professoru nüfuzlu beynəlxalq elmi cəmiyyətlərə üzv seçilib
Bakı, 7 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin histologiya, embriologiya və sitologiya kafedrasının müdiri, professor Eldar Qasımov iki nüfuzlu beynəlxalq quruma üzv seçilib.
Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, professor Amerikanın Nevroloqlar Cəmiyyətinin daimi və Avropa Nevrologiya Akademiyasının müxbir üzvü seçilib.
Professor Eldar Qasımov Amerika Nevroloqlar Cəmiyyətində Azərbaycandan olan yeganə təmsilçidir. Bu üzvlük hər il keçirilən elmi tədbirlərdə iştirak etmək, bu sahə üzrə dünyanın aparıcı mütəxəssisləri ilə onlayn əlaqədə olmaq, indekslənən jurnallara açıq giriş və s. imkanları yaradır. İnkişaf etməkdə olan ölkələrdə yaşayan Amerika Nevroloqlar Cəmiyyətinin üzvləri azaldılmış üzvlük haqqı və sponsorluq köməyi almaq hüququna da malikdirlər.
Amerika Nevroloqlar Cəmiyyətinin mərkəzi ofisi Vaşinqtonda yerləşən sinir sistemi və beynin öyrənilməsi istiqamətində fundamental tədqiqatlar aparan bütün dünya üzrə alimləri bir yerdə cəmləşdirən peşəkar cəmiyyətdir. 3700-dən çox üzvü olan cəmiyyət nevrologiya sahəsində dünyanın ən böyük qurumlarındandır. Cəmiyyət hər il dünyada ən irihəcmli elmi konfranslardan birinin keçirilməsi ilə də məşhurdur. Bu toplantılara yalnız cəmiyyətin üzvləri tezis təqdim edə bilərlər.
Tibb Universitetinin professorunun üzv seçildiyi digər qurumun - Avropa Nevrologiya Akademiyasının mərkəzi ofisi Avstriyanın Vyana şəhərində yerləşir. 2014-cü ildə Avropa Nevrologiya Cəmiyyətləri Federasiyası ilə Avropa Nevrologiya Cəmiyyətinin birləşdirilməsi nəticəsində təsis edilən, bütün Avropada nevrologiya cəmiyyətlərini birləşdirən və dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. Əsas məqsədi qitədə tibbi standartları daima yüksək səviyyədə saxlamaqdan ibarətdir.
Akademiyaya üzv olmaq üçün dəvət məktubunu aldıqdan və tələb olunan sənədlər təqdim edildikdən bir müddət sonra qərar qəbul edilərək diplom verilir. Mühüm şərtlərdən biri milli nevrologiya cəmiyyətinin üzvü olmaqdır. Avropa Nevrologiya Akademiyasının üzvləri qurum tərəfindən təşkil edilən illik konqreslərdə, ancaq üzvlərin iştirakı ilə keçirilən tədbirlərdə və onlayn konfranslarda iştirak, Avropa Nevrologiya Jurnalına, “eBrain” onlayn öyrənmə platformasına və akademiyanın Təlimat İstinad Mərkəzinə sərbəst giriş imkanına malikdirlər.