TOMAS HAMMERBERQ SÜLH DANIŞIQLARININ MÜSBƏT NƏTİCƏ VERƏCƏYİNƏ ÜMİD EDİR
Baş nazirin müavini qonağı yeni təyinatı ilə təbrik edərək, ona Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və ağrılı nəticələri barədə məlumat verdi. O, Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı nəticəsində doğma yurdlarından didərgin düşənlərin ağır vəziyyətindən danışaraq bildirdi ki, onların yaşayışının yaxşılaşdırılması üçün mümkün tədbirlər görülür.
Əli Həsənov insan hüquqlarının qorunması məsələsinə toxunaraq demişdir ki, qaçqın və məcburi köçkünlərimizin hüquqlarının pozulmasının analoqu yoxdur. Dünyada mövcud olan 26 milyon qaçqın-köçkünün 1 milyonu ölkəmizin payına düşür. Ermənistanın etnik təmizləmə siyasətindən əziyyət çəkən vətəndaşlarımız on dördüncü ildir ağır şəraitdə yaşayır və bunu Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və əhali məsələləri komitəsinin nümayəndələri gözləri ilə görmüşlər.
Tomas Hammerberq ətraflı məlumata görə təşəkkür edərək dedi ki, əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin sülh yolu ilə aradan qaldırılmasıdır. Minsk qrupunun fəaliyyəti, prezidentlərin və xarici işlər nazirlərinin görüşləri barəsində məlumatımız var və ümidvarıq ki, danışıqlar müsbət nəticə verəcəkdir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova görüşdə iştirak edirdi.