TORPAĞIN İCARƏYƏ VERİLMƏSİ, SATIŞI, ÖZƏLLƏŞDİRİLMƏSİ İLƏ BAĞLI QAYDALAR TƏKMİLLƏŞƏCƏKDİR
İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə demişdir ki, adı çəkilən qanunun qəbulundan sonra ölkədə daşınmaz əmlakın dövlət reyestri ilə əlaqədar bir sıra işlər görülmüşdür. Prosesin davamı olaraq, bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməlidir.
Sonra Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini İslam Rəfibəyli bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiqi ilə əlaqədar Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında” və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” və s. qanunlara dəyişikliklər ediləcəkdir. Dəyişikliklərin əsas məğzi torpaq üzərində hüquqların qeydiyyatının dövlət reyestrində aparılmasından ibarətdir.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov isə demişdir ki, qanunlara təklif olunan əlavə və dəyişikliklər nəticəsində torpağın icarəyə verilməsi, satışı, yaşayış evlərinin tikintisi, özəlləşdirilməsi ilə bağlı qaydalar təkmilləşəcək, bu məsələlərin vahid mərkəzdən idarə olunması təmin ediləcəkdir.
Sonda layihənin təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılması qərara alınmışdır.