Tovuzda bayram konserti təşkil olunub
Tovuz, 15 iyun, Famil Quliyev, AZƏRTAC
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Tovuz Şəhər Mədəniyyət Mərkəzinin qarşısında möhtəşəm bayram konserti təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov və Milli Məclisin deputatı Qənirə Paşayeva tovuzluları Milli Qurtuluş Günü və Ramazan bayramı münasibətilə təbrik ediblər.
Qeyd edilib ki, xalqın istəyi ilə 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıdan Heydər Əliyev respublikanın müstəqilliyini qorudu, ölkədə tüğyan edən ictimai-siyasi böhran aradan qaldırıldı və sürətli inkişafın təməli qoyuldu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
Bayram tədbiri Bakıdan gələn və yerli incəsənət nümayəndələrinin konserti ilə davam edib.