REGİONLAR
Tovuzda ilk dəfə Braziliya bitkisi olan patisson yetişdirilib
Tovuz, 22 sentyabr, AZƏRTAC
Tovuzda ilk dəfə olaraq patisson bitkisi yetişdirilib. Vətəni Braziliya olan boşqababənzər bitki qabaqkimilər fəsiləsinə aiddir. Rayonun Azaflı kənd sakini Tofiq Mədətov dostunun ona hədiyyə etdiyi toxumdan artıq 6 ilə yaxındır bu bitkinin məhsulunu yığır. Suya davamlı olan patisson Azaflıda ilk dəfə becərilsə də, məhsuldarlığı ilə seçilir.
Tofiq Mədətov AZƏRTAC-a bildirib ki, may ayından çiçəkləyən patisson soyuq düşənə qədər 600-700 kiloqrama yaxın məhsul verir. Hazırda bu bitkinin sarı, qara rənglərini əkən T.Mədətov gələcəkdə onu açıq sahələrdə becərməyi də düşünür.
Patissonun çəkisi 1 kiloqrama çatır və bir sıra xəstəliklərin dərmanı hesab olunur. Çoxlu miqdarda vitaminlərin, asan həzm olunan sulu karbonların, pektin maddələrinin və qələvi mineral duzların olması nəticəsində patisson zülal qidasının daha yaxşı mənimsənilməsinə və qanın qələvi reaksiyasının saxlanmasına kömək edir. Həkimlər qaraciyər, böyrək xəstəliklərində, həmçinin selikli qişanın iltihabında, xora xəstəliklərində və aterosklerozda patisson işlədilməsini məsləhət görürlər. Patisson olduqca fəal sidikqovucu təsirə malikdir, orqanizmdən mayenin və xörək duzunun çıxarılmasına kömək edir.
Qida, pəhriz və müalicə xassələri qabaq və yunan qabağında olduğu kimidir, lakin dad keyfiyyətləri bu bitkidə xeyli yüksəkdir. Cavan meyvələri qidada (yeməkdə) həlim, yaxud farş şəklində istifadə edirlər. Patissonu qızardır və pörtlədirlər, onları həm duzlamaq, həm də ayrıca, yaxud xiyar və başqa tərəvəzlərlə birlikdə turşuya qoymaq da mümkündür.