TOVUZDA ÜÇ AYIN YEKUNLARI İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Tovuz Rayon İcra Hakimiyyətində cari ilin üç ayında görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
Yığıncaqdan əvvəl iclas iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil və tər çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov hesabat məruzəsi ilə çıxış etmişdir. Natiq cari ilin üç ayında rayonda görülən işlərdən söhbət açaraq bildirmişdir ki, 2008-ci ilin birinci rübündə heyvandarlıq məhsullarının istehsalında müəyyən irəliləyişlər olmuşdur. Üç ayda 1050,8 ton ət, 5920,4 ton süd, 3 milyon 125 min ədəd yumurta istehsal edilmişdir. Ət istehsalı 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz, süd 3 faiz, yumurta 2 faiz artmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 879 baş, qoyun və keçilərin sayı 4390 baş çoxalmışdır.
Aprelin 1-dək 9018 hektar kartof, 473 hektar tərəvəz səpilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartofun əkin sahəsi 108 hektar, tərəvəzin əkin sahəsi isə 12 hektar genişləndirilmişdir.
Cari ilin birinci rübündə poçt və pabitə müəssisələri tərəfindən 208,1 min manatlıq rabitə xidməti göstərilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,3 faiz çoxdur. Elektron tipli avtomat-telefon stansiyaları Aşağı Ayıblı kəndində 1296 nömrə, Əsrik Cırdaxan kəndində 16 nömrə, Xatınlı kəndində 128 nömrə genişləndirilmişdir. İlin birinci rübündə rayon üzrə 26 milyon 158 min 208 manatlıq əmtəə dövriyyəsi olmuşdur. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 811 min 388 manat və ya 28,6 faiz çoxdur.
Respublikanın hər yerində olduğu kimi, Tovuzda da tikinti-quruculuq işlərinə diqqət artırılmışdır. Orta ixtisas, texniki peşə və ümumtəhsil məktəblərinin təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Peşə Liseyində fəaliyyət göstərən Heydər Əliyev muzeyi əsaslı təmir edilmiş, binanın dam örtüyü dəyişdirilmişdir.
Küçə və meydançaların abadlaşdırılması işi davam etdirilmişdir. Hazırda Aşağı Ayıblı kəndində 1176 yerlik, Hacallı və Azaplı kəndlərində 360 yerlik məktəblər tikilir. 264 şagird yerlik Cobansıxnaq kənd orta məktəbi üçün tikiləcək binanın sənədləri hazırlanmışdır.
Natiq karvansara tipli “Qala kompleksi”ndə tamamlama işlərinin aparıldığından, Olimpiya İdman Kompleksində, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Tovuz ərazi idarəsi, Baytarlıq idarəsi, 10 saylı Dövlət İmtahan Qeydiyyatı Bölməsi, rayon polis şöbəsinin Qovlar bölməsi üçün inzibati binaların tikintisinin davam etdiyindən danışmışdır.
İclasda Prezidentin İcra Aparatının məsul əməkdaşı Habil Əzənmədov iştirak və çıxış etmişdir.
Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilmişdir.