REGİONLAR
Tovuzun ən yüksək bal toplayan şagirdi illərdir ki, arzuladığı ixtisas üzrə təhsil alacağını deyir - VİDEOREPORTAJ
![](/files/galleryphoto/2024/2/1200x630/17183776072434078_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1718377607159877858_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183776074512434098_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1718377607779323316_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1718377607109620865_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17183776073839747285_1200x630.jpg)
Tovuz, 14 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC
Mayın 26-da keçirilən qəbul imtahanında III qrup üzrə ən yüksək nəticəni Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392,5 bal toplayıb.
AZƏRTAC xəbər verir ki, İlahə Məhərrəmzadə illərdir ki, biliyini qarşıya qoyduğu hədəfə çatmaq üçün sərf edib və istədiyi nəticəni alıb.
Bir çox yarışmalarda, müsabiqələrdə, sınaqlarda iştirak edən İ.Məhərrəmzadə bütün bunların hamısının onun son uğuru qazanmasında böyük rolu olduğunu bildirir.
O, uşaq yaşlarından nümunəvi şagird olub. Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbdə müəllim kollektivi onun istedadına və zəhmətkeşliyinə inanıb, daim onun uğuruna sevinib və daha da yüksək nailiyyətlər qazanmağa ruhlandırıblar. İlahə Məhərrəmzadənin hər uğuru müəllimləri kimi valideynlərini də həmişə sevinc göz yaşlarına qərq edib.
“İlahə uşaqlıqdan intellektual verilişləri, bilik yarışmalarını izləyirdi. Nənəsi həmişə ona deyirdi ki, sən ağıl dəryasısan. Onun ən çox sevdiyi tarix fənni idi. Biz onun yaxşı nəticə əldə edəcəyinə inanırdıq”, - deyə anası Aygün Məhərrəmova bildirib.
İ.Məhərrəmzadə imtahan verdiyi qrup üzrə ən yüksək nəticə toplamasını yuxusuz gecələrin nəticəsi olmaqla yanaşı, onu daim sevgi və qayğı ilə əhatə edən valideynlərin, onu elmə, biliyə həvəsləndirən müəllimlərin də uğuru olduğunu deyir.
“Hər bir valideynin üzərinə düşən nədirsə onu etdim, övladıma bütün dəstəyi göstərdim. İlahə təhsili üçün nə tələb edirdisə, dərhal onu etdim. Gücüm çatdı-çatmadı maksimum istədim ki, qızım təhsil barəsində heç nədən korluq çəkməsin, hamıdan öndə olsun. Onu imtahana aparanda mən çox rahat getdim. Çünki əmin idim ki, o yüksək bal əldə edəcək”, - deyə atası Rəşad Məhərrəmov bildirib.
İndi İlahə Məhərrəmzadənin bir arzusu var; gələcək karyerasını arzusuna çatdığı ixtisas üzrə davam etdirib, ölkəmiz, cəmiyyətimiz üçün layiqli bir vətəndaş olmaqdır: “Bundan sonra 4 illik təhsilimi Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq ixtisası üzrə davam etdirmək istəyirəm, ümid edirəm ki, magistr təhsilimi də xaricdə alaram”.