TÜRK DÜNYASI QADINLARININ BİR ARAYA GƏLMƏSİ BİRLİYİMİZİN MÖHKƏMLƏNMƏSİNDƏ MÜHÜM AMİLDİR
B.Muradova iki qardaş ölkənin rəhbərlərinin, dövlət və hökumət nümayəndələrinin, iş adamalarının və mədəniyyət xadimlərinin qarşılıqlı səfərlərinin ikitərəfli əlaqələrin inkişafındakı rolundan bəhs etmişdir. Milli Məclis sədrinin müavini türk dünyası qadınlarının bir araya gəlməsinin əhəmiyyətini vurğulayaraq, özünün də Dərnəyin İdarə heyətinin üzvü olduğunu xatırlatmış və qurumun qadınlarımızın problemlərinin həllində, həm də türk dövlətlərinin qloballaşan dünyada nüfuzunun artmasında rolunu yüksək qiymətləndirmişdir. Bahar Muradova Türkiyədə bu günlərdə qeyd olunan “Türkçülük günü” münasibətilə qonaqları və bütün türk dünyasını təbrik etmişdir.
Azərbaycana ilk gəldiyini söyləyən xanım Şenol Bal bu səfərin əlaqələrimizin inkişafında mühüm rol oynayacağını bildirmişdir. O, Türk dünyası qadınlarının ikinci qurultayından sonra görülən işlərdən, qarşıda duran vəzifələrdən danışmış, üçüncü qurultaya hazırlıq barədə məlumat vermişdir. Qonaq demişdir ki, Dərnəyin üzvləri bütün səfərlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışır, yurd-yuvasından didərgin düşmüş azərbaycanlı qadınların, uşaqların problemlərini vurğulayırlar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.