Türkistan bölgəsindəki su daşqınları səbəbindən 32 minə yaxın sakin təxliyə edilib
Nur-Sultan, 5 may, AZƏRTAC
Özbəkistandakı Sardobe su anbarının daşması nəticəsində Qazaxıstanın Türkistan bölgəsində 14 yaşayış məntəqəsindən 31606 insan təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, daşqınlar nəticəsində ərazidə 14 kəndi su basması təhlükəsi yaranıb. 5 kənd artıq su altında qalıb, daha 7 yaşayış məntəqəsini də bu təhlükə gözləyir.
İlkin hesablamalara görə 845 yaşayış evi, 3 məktəb, 5 uşaq bağçası, 4 tibb obyekti və bir mədəniyyət evi su altında qalıb, Zenis respublika magistral yolunu və 7,5 min hektar əkin sahəsini də su basıb.
Maktaaral rayonunda fövqəladə hallarla əlaqədar yaradılan xüsusi komissiya daşqının vurduğu zərərin miqdarını hesablayır.
Xatırladaq ki, Özbəkistanın Sardobe su anbarı kəskin hava şəraitindən və yağıntının miqdarının normadan dəfələrlə çox olması səbəbindən daşaraq, öz məcrasından çıxıb, Qazaxıstanın Türkistan vilayətində rayon, kənd və qəsəbələr su altında qalıb.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan