Türkiyə kuboku: “Fənərbağça” səfərdə “Kirklarelispor”u üç cavabsız qolla məğlub edib
Bakı, 5 fevral, AZƏRTAC
Futbol üzrə Türkiyə kubokunun dörddəbir final mərhələsinin ikinci oyununda “Fənərbağça” komandası səfərdə “Kirklarelispor”un qonağı olub.
AZƏRTAC xəbər verir ki, oyuna fəal başlayan İstanbul təmsilçiləri 43-cü dəqiqədə Mövlud Erdincin vurduğu qol sayəsində hesabı açmağa nail olublar. Birinci hissə elə bu hesabla bitib - 0:1. Matçın 52-ci dəqiqəsində M.Erdinc komandasının və özünün ikinci qolunu vurub. Cəmi 5 dəqiqə sonra meydan sahiblərinin müdafiəçisi İbrahim Sürgülü topu səhvən öz qapısına göndərib. Bu oyunda vurulan sonuncu qol olub. Beləliklə, “Fənərbağça” səfər matçında “Kirklarelispor”u 0:3 hesabı ilə məğlub edib.
Türkiyə Kubokunun dörddəbir final mərhələsinin digər görüşləri - “Alanyaspor”-“Qalatasaray” fevralın 5-i, “Antalyaspor”-“Sivasspor” isə fevralın 6-sı oynanılacaq. Komandaların cavab oyunları isə fevralın 11-13-də baş tutacaq.
Qeyd edək ki, ötən gün keçirilən Türkiyə kubokunun dörddəbir final mərhələsinin birinci görüşündə “Trabzonspor” doğma meydanda “Ərzurumspor”u 5:0 hesabı ilə darmadağın edib.