SİYASƏT
TÜRKİYƏ MƏTBUATININ DİQQƏT MƏRKƏZİNDƏ
Qəzetlər Türkiyə baş nazirinin müavini və xarici işlər naziri Abdullah Gülün və Gülhanə Hərbi Tibb Akademiyasının Baş katibliyinin bəyanatlarına da geniş yer ayırmışlar. Gülhanə Hərbi Tibb Akademiyasının 6 avqust tarixli bəyanatında deyilir: “Müəyyən bir zamanda Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ-da müalicəsini davam etdirmək üçün bu gün klinikamızdan ayrılmışdır”.
Avqustun 6-da Bəhreynin xarici işlər naziri ilə birgə mətbuat konfransı zamanı jurnalistlərin suallarına cavab verən xarici işlər naziri Abdullah Gül isə demişdir: “Prezident Heydər Əliyev Türkiyədə müalicə olunurdu. Bu gün Türkiyədəki müalicəsi başa çatmışdır, müalicəsini ABŞ-da davam etdirəcəkdir. Özünün və ailəsinin qərarı belədir”. Azərbaycan Respublikasının müstəqil, demokratik və Avropa Şurasının üzvü olan bir ölkə olduğunu söyləyən nazir vurğulamışdır ki, Azərbaycan öz problemlərini özü həll edə bilən bir ölkədir. Heç kim Azərbaycanda xaos, qarışıqlıq gözləməməlidir. Azərbaycan ciddi dövlət sisteminə sahib bir ölkədir.