SİYASƏT
TÜRKİYƏ MƏTBUATININ SƏHİFƏLƏRİNDƏ
Avqustun 8-də Türkiyənin yüksək tirajlı “Hürriyyət”, “Milliyyət”, “Türkiyə”, “Radikal”, “Cümhuriyyət”, “Axşam”, “Sabah”, “Yeni Şəfəq” qəzetlərinin səhifələrində, populyar “NetHaber”, “Haber Jet”, “E-mediya” İnternet saytlarında, ölkənin nüfuzlu Anadolu, İhlas Xəbər və Cihan Xəbər agentliklərinin bülletenlərində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ABŞ-ın Klivlend klinikasında başlayan müayinə və müalicəsi haqqında məlumatlar verilmişdir. “Hürriyyət” qəzetinin tanınmış siyasi şərhçisi Fərai Tınçın “Əliyevin gücü” adlı analitik məqaləsi də diqqəti cəlb edir.
Türkiyənin informasiya agentlikləri ABŞ-ın Klivlend klinikasının mətbuat üçün məlumatını da yaymışlar. Bu məlumat TRT, NTV, CNN-Türk, Haber-Türk telekanalları ilə də verilmişdir. Televiziya kanalları Azərbaycan Prezidenti Heydər Əliyevin özünü rahat hiss etdiyini, ilkin müalicə tədbirlərinin nəticələrinin müsbət olduğunu bildirmişlər.
Türkiyənin kütləvi informasiya vasitələrində Azərbaycandakı müxalifət qəzetlərinin mövqeyinə də toxunulmuşdur. Türk jurnalistləri həmin qəzetlərdəki xəbərlərin Azərbaycanın rəsmi mənbələrinin, Türkiyə hökuməti nümayəndələrinin, Gülhanə Hərbi Tibb Akademiyasının bəyanatları və ABŞ-ın Klivlend klinikasından alınan məlumatla ziddiyyət təşkil etdiyini vurğulamışlar.