SİYASƏT
TÜRKİYƏ PREZİDENTİ ÖLKƏNİN SİYASİ HƏYATINDA ORDUNUN ROLUNUN AZALDILMASI HAQQINDA “İSLAHATLAR PAKETİ”Nİ TƏSDİQ ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Ankaradan xəbər verir ki, Türkiyə Prezidenti Əhməd Necdət Sezər ölkənin siyasi həyatında ordunun rolunun azaldılması haqqında parlament tərəfindən qəbul olunmuş “islahatlar paketi”ni təsdiq etmişdir. Mütəxəssislərin fikrincə, islahatlar Türkiyənin Avropa Birliyinə daxil olmasına imkan verəcəkdir. Yeri gəlmişkən, bu halda Türkiyə AB-də yeganə müsəlman dövləti olacaqdır.
İslahatlar əsas vəzifələrin ali hərbi rəhbərlik nümayəndələrinin əlində olduğu Milli Təhlükəsizlik Şurasının (MTŞ) səlahiyyətlərini məhdudlaşdırır. Ölkənin daxili və xarici siyasətinə həlledici təsir göstərən MTŞ bundan sonra, əsasən, məşvərətçi orqan xarakteri daşıyacaq və hökumətə yalnız tövsiyələr verəcəkdir.
Bundan əlavə, MTŞ-nin baş katibini hökumətin sədri təyin edəcək və prezident təsdiqləyəcəkdir. Türkiyə Böyük Millət Məclisinin deputatları hərbi xərclərə nəzarət etmək hüququna da nail olmuşlar.