Türkiyədə baş vermiş qar uçqunu altından səkkiz nəfərin cəsədi çıxarılıb
İstanbul, 5 fevral, AZƏRTAC
Türkiyənin Van-Bahçesaray magistralının 33-cü kilometrliyində baş vermiş qar uçqunu altından 8 nəfərin cəsədi çıxarılıb.
AZƏRTAC xəbər verir ki, bölgədə dünən axşam saatlarında baş vermiş qar uçqunu altında qalanların axtarış-xilasetmə işləri zamanı ikinci faciə meydana gəlib.
Hadisə barədə məlumat verən Bahçesaray Bələdiyyəsinin rəhbəri Meki Arvas uçqun altından 8 cəsədin çıxarıldığını bildirib. İndiyədək 30 nəfər xilas edilərək ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Hazırda uçqun altında təxminən 50-dək insanın olduğu bildirilir. Onların axtarışlarına əlavə qüvvələr cəlb edilib.
Bu barədə açıqlama verən Van valisi Mehmet Emin Bilmez uçqun altında ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər xidmətlərin xilasedicilərinin qaldığını bildirib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Daxili İşlər naziri Süleyman Soyludan hadisə ilə bağlı məlumat alıb.
Xatırladaq ki, fevralın 4-də bu bölgədə baş vermiş qar uçqunu altında qalanlardan beşinin cəsədi çıxardılıb, 6 nəfər isə müxtəlif bədən xəsarətləri ilə ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul