Türkiyədə zəlzələ bölgəsində qırğız alaçıqları qurulub
Bakı, 14 fevral, AZƏRTAC
Türkiyənin Kahramanmaraş şəhərində zəlzələdən zərərçəkənlərin müvəqqəti yerləşdirilməsi üçün Qırğızıstandan gətirilən alaçıqlar qurulub.
AZƏRTAC Qırğızıstan KİV-lərinə istinadla xəbər verir ki, çadır şəhərciyi Kahramanmaraşdakı futbol meydançasında quraşdırılıb. Çadırların qurulmasında diaspor təmsilçiləri, Qırğızıstandan olan tələbələr, eləcə də Türkiyənin Van əyalətində yaşayan etnik qırğızlar iştirak ediblər.
Qeyd olunur ki, Qırğız Respublikasının Türkiyədəki səfiri Ruslan Kazakbayev, səfirliyin və Qırğızıstanın baş konsulluqlarının əməkdaşları çadırların yerləşdirilməsinə kömək və dəstək göstəriblər.
İssık-Kul vilayətinin sakinləri də türk xalqına yardım aksiyasına qoşulublar. Həmin vilayətdən ümumilikdə 5 çadır göndərilib. Bundan başqa, vilayətin səfirlik nümayəndəliyi, bələdiyyə və dövlət müəssisələrinin əməkdaşları birgünlük əməkhaqlarını ianə ediblər.
Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04.17-də Türkiyənin Kahramanmaraş əyalətinin Pazarcıq rayonunda 7,7 bal, 13.24-də Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ ciddi dağıntılara, on minlərlə insanın ölümünə səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.