Türkiyənin Atılım Universitetinin nümayəndələri ADU-da olub
Bakı, 2 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Türkiyənin Atılım Universitetinin prorektoru, professor Serkan Eryılmaz, ədəbiyyat fakültəsinin dekanı, professor Ayfer Altay, araşdırma və inkişaf şöbəsinin direktoru, dosent Yılser Devrim ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, akademik Kamal Abdulla qonaqlara universitetdə bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsindən danışıb.
Rektor Atılım Universiteti ilə əlaqələrin qurulmasında nümayəndələrin dəstəyinin arzuedilən olduğunu diqqətə çatdırıb. Kamal Abdulla iki ölkə arasında münasibətlərin inkişafında universitetlərarası əlaqələrin əhəmiyyətini vurğulayıb. Universitetdə 20-dən çox dilin tədris olunduğunu söyləyən rektor müəllimlərin Atılım Universitetində təcrübə keçmələrini məqsədəuyğun hesab edib.
Kamal Abdulla, həmçinin Azərbaycanın multikultural ənənələrindən söz açıb.
Qonaqlar ADU ilə əməkdaşlıq çərçivəsində birgə layihələr həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər.
Daha sonra tələbə və müəllim mübadiləsi, əməkdaşlıq perspektivləri müzakirə olunub.