SİYASƏT
Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir
![Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdir](/files/2013/3/1200x630/140714508423754790_1200x630.jpg)
Bakı, 30 oktyabr (AZƏRTAC). III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suverin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 30-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmışdır.
Akkan Suver jurnalistlərə müsahibəsində demişdir ki, 15 il əvvəl Türkiyə Cümhuriyyətinin yaradılmasının 75-ci ildönümü ilə əlaqədar Ankarada keçirilmiş tədbirlərdə iştirak edən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Mərmərə Qrupu Vəqfini də ziyarət etmişdir. Həmin vaxt ulu öndər Heydər Əliyev Vəqfin Rəyasət Heyəti tərəfindən fəxri sədr seçilmişdir.
Akkan Suver III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirmişdir.