TÜRKİYƏNİN MƏTBUAT NÜMAYƏNDƏLƏRİ AzərTAc-da OLMUŞLAR
AZƏRTAC xəbər verir ki, “Azərbaycan və Türkiyə mətbuatı” mövzusunda ikinci konfransda iştirak etmək üçün Bakıya səfərə gəlmiş Türkiyə Mətbuat Yayım və İnformasiya İdarəsinin baş direktoru Salih Mələkin başçılıq etdiyi nümayəndə heyəti aprelin 28-də AZƏRTAC-da olmuşdur.
Görüşdə dost və qardaş ölkələrimizin əlaqələrinin daha da möhkəmlənməsində dövlətlərimizin başçıları İlham Əliyevin və Abdullah Gülün xidmətləri qeyd edilmiş, münasibətlərin dərinləşməsində mətbuatın rolu vurğulanmışdır.
Baş direktor Aslan Aslanov AZƏRTAC-ın tarixi, keçdiyi inkişaf yolu, üzv olduğu mötəbər regional informasiya qurumları barədə məlumat vermiş, aprelin 18-də Avropa Xəbər Agentlikləri Alyansının (EANA) Estoniyanın paytaxtı Tallinndə keçirilən iclasında böyük səs çoxluğu ilə bu quruma qəbul olunduğunu diqqətə çatdırmışdır.
Bildirilmişdir ki, indi Azərbaycan dünyada xəbər agentliklərinin ən böyük iki regional qurumunda OANA və EANA-da təmsil edilir ki, bu da dinamik inkişaf edən, demokratik vətəndaş cəmiyyəti quran Azərbaycan həqiqətlərinin dünyada daha geniş yayılmasında mühüm rol oynayır.
A.Aslanov aprelin 30-u-mayın 2-də Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA) Baş Məclisinin VII iclasının, avqustun axırı sentyabrın əvvəllərində isə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin növbəti iclasının Bakıda keçiriləcəyi barədə qonaqlara ətraflı məlumat vermişdir.
Nümayəndə heyətinin üzvlərini - Türkiyə Jurnalistlər Birliyinin sədri Orxan Erinçi, “Türkiyə” qəzetinin məsul müdiri Behcet Fakihoğlunu, Ankara və Kocaeli universitetləri jurnalistika fakültələrinin müəllimləri Abdulrəzzak Altunu, Vedat Dəmiri və başqalarını təqdim edən Mətbuat Yayım və İnformasiya idarəsinin baş direktoru Salih Mələk bu iclasların Bakıda keçirilməsini Azərbaycanın dünyada artan nüfuzunun, AZƏRTAC-ın beynəlxalq əlaqələrinin genişləndiyinin təzahürü olduğunu vurğulamış, TKA-nın iclasında iştirak etməkdən məmnun qalacaqlarını bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olunmuşdur.
######
