Türkiyənin ölkəmizdəki səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Quba, 10 may, Elxan Yusifli, AZƏRTAC
Mayın 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfir Cahit Bağçı 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edərək, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Səfir Cahit Bağçı Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.