Türkiyənin Qazi Universitetində “Sönməyən atəş-Xocalı” adlı konfrans keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Azərbaycanın Türkiyədəki səfirliyinin Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar təşkil etdiyi silsilə tədbirlər planı çərçivəsində fevralın 26-da bu ölkənin Qazi Universitetində “Sönməyən atəş-Xocalı” adlı konfrans keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə universitetinin rektoru Süleyman Büyükberber, professor və müəllim heyəti, tanınmış ictimai-siyasi xadimlər, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, bu şəhərdə təhsil alan tələbələrimiz, diaspor nümayəndələrimiz və jurnalistlər iştirak etmişlər.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, hər iki ölkənin dövlət himnləri səsləndirilmişdir.
Tədbirdə Qazi Universitetinin Tələbə İctimai Birliyinin sədri Kubilay Yıldırım, rektor Süleyman Büyükberber, Giresun Universitetinin rektoru, həmvətənimiz Aygün Attar, səfir Faiq Bağırov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdet Ünüvar və Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək Xocalı soyqırımından, ermənilərin zaman-zaman ölkəmizə qarşı həyata keçirdikləri təcavüzdən danışmışlar.
Çıxışlardan sonra Qazi Universitetinin incəsənət fakültəsi tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilmişdir. Sənədli filmdə Xocalı soyqırımı qurbanlarının yaxınlarından alınan müsahibələr və Qubada XX əsrin əvvəllərində soydaşlarımıza qarşı ermənilər tərəfindən törədilmiş vəhşiliklərlə bağlı həqiqətlər yer almışdır.
Ermənilərin xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edən materiallar konfrans iştirakçılarına paylanmışdır.
Universitetin həyətində Xocalı soyqırımından bəhs edən sərgi, Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi ilə birgə fləşmob təşkil edilmişdir.