TÜRKMƏNİSTAN AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
AZƏRTAC xəbər verir ki, aprelin 7-də Azərbaycanın baş naziri Artur Rasizadə Türkmənistanın müdafiə naziri Ağagəldi Mamedgəldiyev başda olmaqla bu ölkənin nümayəndə heyəti ilə görüşmüşdür.
Azərbaycan hökumətinin başçısı son vaxtlar Azərbaycan-Türkmənistan münasibətlərinin fəallaşmasını vurğulayaraq, bu prosesə iki ölkənin prezidentləri - İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov tərəfindən böyük töhfə verilməsini qeyd etmişdir.
Baş nazir Azərbaycanın iqtisadi uğurlarından söhbət açaraq, xüsusi vurğulamışdır ki, qısa müddətdə milli ÜDM-in həcmi bir neçə dəfə artmışdır. O, qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat vermişdir.
Türkmənistanın müdafiə naziri öz növbəsində bildirmişdir ki, onun ölkəsi Azərbaycanın ərazi bütövlüyünü və münaqişənin beynəlxalq normalara uyğun həll edilməsini dəstəkləyir.