TÜRKSOY-UN DAİMİ ŞURASININ 24-CÜ İCLASI ANKARADA KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 27-28-də Ankarada TÜRKSOY-un Daimi Şurasının 24-cü iclası keçiriləcəkdir.
İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın, habelə Rusiya Federasiyasının Başqırdıstan, Tatarıstan, Tuva, Xakasiya, Saxa (Yakutiya) respublikalarının mədəniyyət nazirlərinin iştirakı gözlənilir.
İllik fəaliyyət planının müzakirə olunacağı və mədəniyyət sahəsində yeni layihələrə baxılacağı toplantıya TÜRKSOY-un əlaqələndiricisi, Türkiyənin mədəniyyət naziri Ərtoğrul Günay sədrlik edəcəkdir.
İclasın keçiriləcəyi TÜRKSOY-un qərargahında türkdilli ölkələrin rəssamlarının sərgisi də təşkil olunacaqdır.
Xatırladaq ki, TÜRKSOY 1993-cü il iyulun 12-də Qazaxıstanın Almatı şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın imzaladıqları anlaşma sənədi əsasında yaradılmışdır.