“TV PLYUS” JURNALININ ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞI
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “TV plyus” jurnalının ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş nəfis tərtibatlı xüsusi buraxılışı çapdan çıxmışdır.
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 mart tarixli Sərəncamı ilə açılan nəşrdə ilk material “Tarixi yaradan dahi” adlanır. Burada ulu öndərin Azərbaycanı beynəlxalq münasibətlərin subyektinə çevirməsindən, “Əsrin müqaviləsi”nə nail olmasından, bazar iqtisadiyyatına keçid və insan hüquqlarının qorunması sahəsində gördüyü işlərdən, məğlubiyyət sindromunu sındırmasından, təhsil, mədəniyyət və idmana qayğısından söz açılır.
Buraxılışda Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində yerinə yetirdiyi tarixi missiya, ikinci mərhələdə müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın ümummilli lideri kimi fəaliyyəti təhlil olunur.
Oxuculara Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın “Azərbaycan üçün taleyin tanrı payı”, BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Nərgiz Paşayevanın “Heydər Əliyev ədəbiyyatı sevən müdrik bir insan, dövlət adamı idi” materialları təqdim edilir.
Buraxılışda Azərbaycan Prezidenti İcra Aparatının rəhbəri, akademik Ramiz Mehdiyev, xalq yazıçısı Elçin, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, müdafiə sənayesi naziri Yavər Camalov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov və başqaları ulu öndərin çoxşaxəli fəaliyyətinin müxtəlif sahələrindən söz açırlar.
MDU jurnalistika fakültəsinin dekanı Yasen Zazurskinin, Heydər Əliyevdən ən çox müsahibə götürmüş xarici jurnalist, “Azərbaycan İnternəşnl” jurnalının baş redaktoru Betti Bleyerin, xalq artistləri Zeynəb Xanlarovanın, Fərhad Bədəlbəylinin, Arif Babayevin, Əlibaba Məmmədovun, Əminə Dilbazinin və digər tanınmışların təəssüratları, 1993-1994-cü illərin xronikası, ailə albomundan seçilmiş fotoşəkillər böyük maraq doğurur.