UEFA Çempionlar Liqası: Səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
Bakı, 11 mart, Nicat Məmmədov, AZƏRTAC
UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, bu ada Almaniyanın “Borussiya Dortmund” klubundan Erlinq Haaland, Portuqaliyanın “Portu” komandasının futbolçusu Serjiu Oliveyra, İngiltərənın “Liverpul” klubundan Fabinyo və Fransanın “Paris Sen-Jermen”dən qapıçısı Keylor Navas iddia edirlər.
E.Haaland İspaniyanın “Sevilya” klubu ilə 2:2 hesablı heç-heçə etdikləri görüşdə, S.Oliveyra isə İtaliyada “Yuventus”a əlavə vaxtda 2:3 hesabı ilə məğlub olduqları qarşılaşmada dubl edib.
Fabinyonun Almaniyanın “Leyptsiq” komandasına 2:0 hesabı ilə qalib gəldikləri görüşdə ötürmələrinin 79 faizi dəqiq olub. K.Navas isə İspaniyanın “Barselona” klubu ilə 1:1 hesablı bərabərə qardıqları matçda 9 qurtarışla yadda qalıb.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq. Cavab oyunlarından sonra “Portu”, “Borussiya Dortmund”, “Liverpul” və “Paris Sen-Jermen” dörddəbir finala yüksəliblər.