İQTİSADİYYAT
Ukrayna Baş nazirinin fikrincə, Qdanskadək çəkilməsi nəzərdə tutulan “Odessa-Brodı” boru kəmərinin inşası Polşa tərəfinin boyun qaçırması səbəbindən yarımçıq qalmışdır
Kiyev, 30 yanvar (AZƏRTAC). Ukraynanın Baş naziri Nikolay Azarov Facebook-da suallara cavab verərək bildirmişdir ki, Qdanskadək çəkilməsi nəzərdə tutulan “Odessa-Brodı” boru kəmərinin inşası Polşa tərəfinin boyun qaçırması səbəbindən yarımçıq qalmışdır.
N.Azarov yazmışdır: “Polşalı tərəfdaşlarımıza dəfələrlə təklif etmişik, lakin onlar bunu zəruri saymırlar”.
Mövcud “Odessa-Brodı” neft kəmərinin Polşanın Plotsk şəhərinədək uzadılması, daha sonra Avropaya göndərilməsi üçün neftin “Drujba” boru kəməri ilə Qdanska nəqli layihəsi Avropanı Xəzər dənizi regionunun resursları ilə birləşdirəcək Avrasiya neft nəqli dəhlizinin tərkib hissəsidir.
Məlumdur ki, Polşanın Baş naziri Donald Tusk ötən ilin aprelində ölkəsinin “Odessa-Brodı” kəmərinin Qdanskadək inşasında maraqlı olduğunu təsdiq etmişdir.
Ukrayna KİV-lərinin yaydıqları xəbərə görə, “Odessa-Brodı-Plotsk” boru kəməri layihəsi 2011-ci ilin sentyabrında Polşanın Xalq Təhlükəsizlik Şurası tərəfindən dayandırılmışdır. Prezident Bronislav Komorovski daha sonra bildirmişdir ki, Polşanın bu layihədə iştirakına aid qərarların təhlil olunmasını hökumətə tövsiyə edəcəkdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev