UKRAYNA KRIM ƏRAZİSİNDƏKİ MAYAKLARI ÖZ MÜLKİYYƏTİNƏ QAYTARMAĞI QANUNİ PROSES HESAB EDİR
Tarasyukun fikrincə, bu obyektlərin Qara dəniz donanmasına hansısa aidiyyatı olduğunu iddia etməyə Rusiyanın heç bir hüquqi əsası yoxdur. Ukrayna XİN-in başçısı bildirmişdir: “Qara dəniz donanmasındakı xalqı qızışdıranlar yalana görə məsuliyyət daşıdıqlarını bilməlidirlər. Onlar deyə bilməzlər ki, Ukrayna ilə Rusiya arasında Böyük müqaviləyə əlavələrdə həmin mayaklar haqqında xatırlamalar var. Orada heç bir mayakdan söhbət getmir”.
Nazir vurğulamışdır ki, tərəflər öz öhdəliklərinə əməl etməlidirlər, çünki bu hidroqrafik qurğular Ukrayna ərazisində yerləşir. Odur ki, Rusiyanın Kiyevdəki müvəqqəti işlər vəkilinə müvafiq nota təqdim edilmişdir.
Ukraynanın baş diplomatı Rusiyanı xaricdəki mülkiyyət haqqında Daqomıs sazişini yerinə yetirməməkdə də təqsirləndirmişdir. O demişdir: “1992-ci il iyunun 23-də Daqomısda saziş imzalanarkən götürdüyü öhdəliklərə rəğmən, Rusiya xaricdəki mülkiyyət obyektlərinin bölgüsünə dair heç bir bəndi yerinə yetirməmişdir. Rusiya bu mülkiyyətin heç bir obyektini Ukraynaya verməmişdir. Bununla da Rusiya beynəlxalq öhdəlikləri pozur”.
Ukrayna tərəfinin iddiasına görə, Daqomıs sazişindəki öhdəliyə əsasən, Moskva keçmiş SSRİ-nin xaricdəki ayrı-ayrı binalarını Kiyevin öz xarici siyasət strukturlarını inkişaf etdirmək üçün ona verməlidir.