UKRAYNA XİN-İN BAŞÇISI RUSİYANI SƏLAHİYYƏTİNİ AŞMAQDA TƏQSİRLƏNDİRİR
Nazir demişdir: “Rusiya tərəfi tələblər irəli sürməyə başlamışdır ki, Ukrayna ya hər şeyi imzalamalı, ya da heç nəyi imzalamamalıdır. Hesab edirəm ki, bu, səlahiyyəti aşmaq deməkdir. Çünki prezidentlər VİM çərçivəsində əməkdaşlığın necə olması barədə razılığa gəlmişlər”. Onun sözlərinə görə, əgər Kremlin irəli sürdüyü tələblər dövlət başçılarının mövqeyinin dəyişməsi deməkdirsə, onda Ukrayna VİM-də iştirakı barədə mövqeyini müəyyən etməlidir.
Tarasyuk xatırlatmışdır ki, MDB ölkələri prezidentlərinin keçən ilin avqustunda Kazanda görüşü zamanı qəbul edilmiş konsepsiyaya görə, Ukrayna VİM çərçivəsində öz mənafeyini azad ticarət zonası səviyyəsində gerçəkləşdirəcək, qalan dövlətlər isə Gömrük İttifaqı yaradılması yolu ilə gedəcəklər.
XİN-in başçısı həmçinin bildirmişdir ki, Ukrayna gələn ilin payızında Dünya Ticarət Təşkilatının (DTT) üzvü olmaq niyyətindədir. O demişdir: “Biz DTT-yə daxil olmaq prosesinin müəyyən hissəsini artıq başa çatdırmışıq. Əmtəə və xidmət bazarlarına giriş haqqında indiyədək 43 ikitərəfli protokol imzalanmışdır. Misir, Kolumbiya, Avstraliya və Qırğızıstan ilə protokolların imzalanması şərtlərinin razılaşdırılması sona yetməkdədir”.
Xatırladaq ki, aprelin 10-da RF Prezidenti Vladimir Putin bildirmişdir ki, Rusiya, Belarus və Qazaxıstan Vahid İqtisadi Məkan yaratmağa hazırdırlar. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev isə demişdir ki, adları çəkilən ölkələr Ukraynanın VİM-ə qoşulub-qoşulmayacağı barədə bir qərara gəlməsini gözləməyəcəklər.