DÜNYA
Ukrayna yayın sonunadək beynəlxalq aviareysləri bərpa etməyəcək
![Ukrayna yayın sonunadək beynəlxalq aviareysləri bərpa etməyəcək](/files/2020/2/1200x630/15887700915109444116_1200x630.jpg)
Kiyev, 6 may, AZƏRTAC
Ukrayna yay mövsümü ərzində daxili aviareysləri bərpa edə bilər, amma beynəlxalq aviareyslərin tam bərpası hələlik mümkün deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər naziri Dmitro Kuleba “Snidanku z 1+1” telekanalının efirində məlumat verib.
Nazirin sözlərinə görə, Ukrayna böyük ehtiyatla yayda daxili aviareysləri bərpa etməyə çalışacaq. Lakin beynəlxalq aviareyslərin bərpası təkcə Ukraynadan asılı olmadığına görə, daha çətindir. O, geniş turizm istiqamətlərinə malik olan bir çox Avropa ölkələrinin “problemin tənzimlənməsi üzərində baş sındırdıqlarını” qeyd edib.
Kuleba onu da bildirib ki, hazırda mütəxəssislər beynəlxalq aviareyslərin dünya miqyasında sentyabr ayından bərpa ediləcəyi qənaətindədirlər.
Xatırladaq ki, Ukrayna hökuməti martın 24-dən etibarən COVID-19 pandemiyası səbəbindən sərnişin aviauçuşlarına qadağa qoyub.
Rüstəm Məmmədov
Kiyev