Ukraynadakı gənc soydaşlarımız: Azərbaycanlı gənclər Vətən müharibəsində əsl qəhrəman obrazı yarada bildilər
Kiyev, 2 fevral, AZƏRTAC
Ukraynada yaşayan gənc soydaşlarımız ölkəmizdə gənclərə göstərilən dövlət qayğısını yüksək qiymətləndirirlər.
Taras Şevçenko adına Kiyev Milli Universitetinin məzunu olmuş soydaşımız, təhsil məsələləri üzrə ekspert Nəsib Alicanov 2 fevral - Gənclər Günü münasibətilə AZƏRTAC-a açıqlamasında bildirib ki, Azərbaycan gənclərinə göstərilən dövlət qayğısı nəticəsində ölkəmizdə vətənpərvər gənclər ordusu yetişib.
“Bütün dünya bunu 44 günlük Vətən müharibəsi zamanı gördü. Bəzi gənclərimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verdi, bəziləri qazi oldu. Ukraynada yaşayan gənc soydaşlarımız bu ölkədə Azərbaycanın müsbət imicinin möhkəmlənməsi, xalqlarımız arasında qarşılıqlı dostluq münasibətlərinin fəal inkişafı üçün səylərini əsirgəməyəcəklər”, - deyə Nəsib Alicanov əlavə edib.
Ukraynada yaşayan gənc kinorejissor soydaşımız İlqar Axundov bildirib ki, Prezident İlham Əliyev təkcə Azərbaycanda yaşayan gənclərə deyil, həmçinin dünyada yaşayan azərbaycanlı gənclərə də qayğısını əsirgəmir.
“Bu gün fəxrlə deyə bilərik ki, dünyada intellektual, savadlı, vətənpərvər gənclərimiz kifayət qədərdir və onlar yaşadığı ölkələrin cəmiyyətinə uğurla inteqrasiya oluna biliblər. Bütün bunlardan qazanan isə Vətənimizdir”, - deyə İlqar Axundov əlavə edib.
Onun sözlərinə görə, 44 günlük müharibədə azərbaycanlı gənclər qəhrəman obrazını yarada bildilər.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev