İDMAN
Ukraynalı futbolçu: “Neftçi” əfsanəvi klubdur və bu, hər şeydə hiss olunur - MÜSAHİBƏ
Bakı, 13 noyabr, AZƏRTAC
"Neftçi"nin ukraynalı futbolçusu Andrey Ştoqrin AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:
- Artıq 4 aya yaxındır Azərbaycandasınız. Həm ölkəmiz, həm də çıxış etdiyiniz “Neftçi” klubu ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı…
- Burada möhtəşəm ölkə, əla şəhər və gözəl insanlar gördüm. İlk gündən məni qonaqpərvərliklə qarşıladılar. Hər şeyə görə Azərbaycana təşəkkür edirəm. “Neftçi” isə ölkənin əfsanəvi klubudur. Bu, hər şeydə hiss olunur. Ona görə də bu komandada oynamaq mənim üçün şərəfdir.
- İlk dəfə legioner həyatı yaşayırsınız. “Neftçi”də özünüzü necə hiss edirsiniz?
- Burada özümü əla hiss edirəm. Gözəl futbol komandasında peşəkar məşqçilər korpusunun rəhbərliyi altında çıxış edirəm. Əla heyətimiz, futbol üçün hər cür şəraitin yaradıldığı böyük təlim-məşq bazamız var. Bir sözlə, burada hər şey məni qane edir. Bu böyük klubda ciddi uğurlar əldə etməyə çalışacağam.
- Bir müddət öncə komandada baş məşqçi dəyişikliyi oldu. Həmyerliniz Roman Qriqorçuku azərbaycanlı mütəxəssis Samir Abasov əvəzlədi. Sizcə, bu dəyişiklik komandaya nə verəcək?
- Hər iki məşqçi futbolu ürəkdən sevən və özünü bu işə həsr edən çox yüksək səviyyəli mütəxəssisdir. Hər birinin öz komandasına aşılamağa çalışdığı futbol fəlsəfəsi və oyuna baxışı var. Bu, komandanın oyununda da özünü büruzə verir. Ümid edirəm ki, dəyişiklik “Neftçi”nin yalnız xeyrinə olacaq.
- Roman Qriqorçuk “Neftçi”yə böyük ümidlərlə baş məşqçi təyin olunmuşdu. Amma komanda onun rəhbərliyi altında bir qələbə belə, qazana bilmədi. Necə düşünürsünüz, Ukraynalı mütəxəssisin Bakı klubunda işi niyə alınmadı?
- Roman Qriqorçuk öz sahəsinin əsl peşəkarıdır. Futbolu həqiqətən sevən və anlayan insandır. Amma bu, həyatdır və bəzən nəticəyə təsir edən müxtəlif səbəblər olur.
- “Neftçi” 13 turdan sonra 10 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Komandanızın bu mövsüm gözlənilən səviyyədə çıxış etməməsinin səbəbini nədə görürsünüz?
- Fikrimcə, buna bir çox səbəb tapmaq olar. Amma bu, mənim vəzifəm deyil. Mənim işim meydanda mümkün qədər çox səy göstərməkdir ki, nəticələr fərqli olsun.
- Sizcə, “Neftçi”yə uğurlu nəticələr əldə etmək üçün bundan sonra nə qədər vaxt lazımdır?
- Bu suala cavabım yoxdur. Düşünürəm ki, biz düzgün istiqamətdə gedirik. Komandanın uğur qazanacağına və zirvədə olacağına əminəm.
- Bəs, öz çıxışınız barədə nə deyə bilərsiniz? Deyəsən, komandaya tam olaraq uyğunlaşa bilməmisiniz…
- Hər halda, uyğunlaşmaq üçün vaxt lazımdır. Amma məncə, bu, hazırkı nəticələrə görə kənardan belə görünür. İstənilən halda, Ukraynadan fərqli olan çempionata mümkün qədər tez uyğunlaşmalıyam. İnanıram ki, uğur qazanacağam.