REGİONLAR
Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar
Bakı, 3 oktyabr, AZƏRTAC
Ukraynadakı müharibədən zərər çəkən və reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilən daha 30 ukraynalı uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk mərhələdə müayinədən keçirilən hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib.
Uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunub.
On günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün milli rəqslər, stolüstü oyunlar, futbol, badminton yarışları, Şəki və Qəbələ şəhərlərində tarixi yerlərə, muzeylərə ekskursiyaları da təşkil ediləcək.