Ukraynanın İrpen şəhərində akademik Zərifə xanım Əliyevanın xatirəsi anılmışdır
Bakı, 29 aprel (AZƏRTAC). Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə Ukraynanın İrpen şəhərində anma mərasimi keçirilmişdir.
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, mərasimdə Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədəki nümayəndələri, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları iştirak etmişlər.
Tədbir iştirakçıları Zərifə xanım Əliyevanın büstü önünə tər çiçəklər qoymuş, onun əziz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmişlər.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli mərasimdə çıxış edərək akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı misilsiz xidmətlərindən söz açmışdır.
Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov çıxış edərək ulu öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətə sədaqətli ömür-gün yoldaşı olan Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs etmiş, onun əziz xatirəsinin xalqımız tərəfindən həmişə uca tutulacağını vurğulamışlar.
İrpen şəhərindəki 12 nömrəli orta məktəbin şagirdi Valeriya Rudenko və UAGB-nin sədr müavini İlhamə Allahverdiyeva Zərifə Əliyevanın İrpen şəhərində ucaldılmış büstünün Azərbaycan ilə Ukrayna arasında əbədi dostluq körpüsünə çevrildiyini söyləmişlər.
Həmin məktəbin müəlliməsi Nataliya Oleynik bildirmişdir ki, Zərifə Əliyevanın adı bu gün İrpen şəhər sakinləri tərəfindən əziz tutulur. O, İrpendə belə bir görkəmli elm xadiminin adına orta məktəb, mərkəzi küçə və yaraşıqlı istirahət parkının olmasını təqdirəlayiq hal kimi dəyərləndirmişdir. N.Oleynik əmin olduğunu bildirmişdir ki, əsl ziyalı həkim, elm fədaisi və qayğıkeş ana obrazlarını özündə cəmləşdirən Zərifə Əliyevanın adı uzun illər boyu xalqlarımız arasındakı mənəvi dostluq yollarına nur saçacaqdır.