ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 85 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş “Ürəklərdə və tarixin yaddaşında əbədi yaşayacaq dahi şəxsiyyət” mövzusunda elmi konfrans öz işinə başlamışdır.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov “Azərbaycan təhsilinin inkişafının Heydər Əliyev mərhələsi” adlı məruzə ilə çıxış etmişdir.
O, dahi şəxsiyyətin təhsil sisteminə çox diqqətli, ciddi və həssas münasibətindən danışaraq, Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərindən söz açmışdır. Bildirmişdir ki, Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafı yolundakı böyük xidmətlərindən biri də onun şəxsi təşəbbüsü ilə minlərlə azərbaycanlı gəncin xarici ölkələrin ən aparıcı təhsil ocaqlarında müxtəlif ixtisaslar üzrə təhsil alması, yüksək ixtisaslı mütəxəssislər kimi yetişməsidir.
Y.Məmmədov Azərbaycanda hər sahənin inkişafına sanballı töhfələr vermiş ulu öndərin missiyasının bu gun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman), professor Elmira Süleymanova “Heydər Əliyev və Azərbaycanda insan hüquqlarının inkişafı” mövzusunda məruzə ilə çıxış edərək bildirmişdir ki, Azərbaycanın yeni tarixi islahatlar dövrü olmuş, iqtisadiyyat, səhiyyə, təhsil və başqa sahələrlə yanaşı insan hüquqları və azadlıqlarının təmin olunması istiqamətində də köklü dəyişikliklər baş vermişdir. Demokratiya, tərəqqi yolu ilə uğurla addımlayan xalqımız müdrik şəxsiyyət Heydər Əliyevin insan və vətəndaş hüquq və azdlıqlarının qorunması istiqamətində həyata keçirdiyi ardıcıl, qətiyyətli siyasətindən bu gün də bəhrələnməkdədir. Ümummilli liderimiz həmişə hər kəsi nəcib, xeyirxah, humanist amalllar uğrunda mübariz olmağa, insan hüquqlarını qorumağa, hörmət bəsləməyə çağırmışdır.
Konfransda ulu öndərimizin böyük şəxsiyyətini, xilaskarlıq missiyasını, titanik dövlətçilik və idarəçilik fəaliyyətini əks etdirən “Ulu öndərin arzuları gerçəkləşir”, “Heydər Əliyev və milli təhsil quruculuğu”, “Naxçıvan tarixinin, maddi və mənəvi mədəniyyətinin tədqiqinə Heydər Əliyev qayğısı” və s. məruzələr də dinlənilmişdir.
Konfrans iki gün davam edəcəkdir.