Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi humanist siyasət uğurla davam etdirilir
Bakı, 7 may, AZƏRTAC
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü xalqımız tərəfindən hörmətlə və böyük ehtiramla qeyd edilir.
Bu fikirlər Ədliyyə Nazirliyinin Probasiya xidmətinin Elektron Monitorinq İdarəsinin rəisi, kiçik ədliyyə müşaviri Elmin Həsənovun “Heydər Əliyevin müəyyənləşdirdiyi humanist siyasət uğurla davam etdirilir” sərlövhəli məqaləsində yer alıb.
AZƏRTAC həmin məqaləni təqdim edir.
Bu günlərdə hər birimiz ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərini bir daha minnətdarlıq hissi ilə anırıq. Bir çox tarixi şəxsiyyətlər ölkəmizin inkişafında, dövlətçiliyimizin müdafiə olunmasında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında əhəmiyyətli rol oynayıblar. Onların arasında öz işıqlı əməlləri ilə xalqı müstəqilliyə qovuşdurmuş, dövlətçiliyimizin daha da möhkəmlənməsində mühüm xidmətləri olmuş Azərbaycanın böyük oğlu ümummilli lider Heydər Əliyevin adı qürur hissi ilə çəkilir.
Azərbaycanın tarixi şəxsiyyətlərinin fövqündə yer alan bu dahi insanın xalqımız qarşısındakı xidmətləri ölçüyə gəlməzdir. Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və azərbaycançılıq məfkurəsinin mövcudluğu üçün xalqımız məhz ümummilli lider Heydər Əliyevə borcludur. Azərbaycan dövlətçiliyinin otuz ildən artıq müddətdə taleyi dahi və uzaqgörən şəxsiyyət, xalqını və vətənini canından artıq sevən ən böyük azərbaycanlı Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər xalqımızın milli mənlik şüurunun oyanışı, azadlıq və müstəqillik arzusunun güclənməsi, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatının vüsət alması, dirçəlişi ilə əlamətdardır. Bütün həyatını və siyasi fəaliyyətini tarixi keçmişi və zəngin mədəniyyəti ilə fəxr etdiyi xalqının və vətəninin tərəqqisinə həsr etmiş Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından şərəflə çıxaraq sürətli inkişaf yoluna qədəm qoyub. Çoxəsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Ümummilli Liderin fəaliyyəti təkcə Azərbaycan üçün deyil, həm də postsovet məkanı üçün mühüm əhəmiyyət daşımaqla yanaşı, dünya miqyasında gedən proseslərə də təsir göstərib.
Böyük öndərin ölkəyə rəhbərliyi dövründə dövlət quruculuğunda, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda görülən mühüm işlərlə yanaşı, həyatımızın digər sahələrində də möhtəşəm nailiyyətlər qazanılıb.
Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin hər bir dövrü Azərbaycan ədliyyəsinin misilsiz inkişafı ilə də yadda qalıb. Ümummilli Liderin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısı ölkəmizin müstəqillik illərində də davam edib, hüquq sistemində inqilabi-demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatı həyata keçirilib, ədliyyə işi müasir tələblərə uyğunlaşdırılıb.
Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün və hakimiyyət uğrunda mübarizənin doğurduğu siyasi və iqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, insan hüquqlarının kütləvi şəkildə pozulması, idarəçilik və qanunçuluq sahəsində mövcud olan böhran dövlətçiliyimizi məhv olmaq reallığı ilə üz-üzə qoymuşdu. Məhz belə bir ağır vəziyyətdə xalqın təkidi və xahişi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, qüdrətli ordu quruculuğuna, demokratik dövlətçiliyin bərqərar olmasına, o cümlədən məhkəmə-hüquq islahatlarına başlandı. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradıldı, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edilib, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirildi və onun qarşısında yeni vəzifələr qoyulub, şəffaf prosedurlar əsasında peşəkar hakim korpusu formalaşdırılıb.
Dövlətin cəza siyasətində də mühüm islahatlar həyata keçirilib, ümummilli lider Heydər Əliyev tərəfindən bir çox fərman və sərəncamlar imzalanıb. Dahi rəhbərin apardığı humanist siyasət nəticəsində Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edilib, 1995-ci ildən əvvəl unudulmuş əfv və amnistiya təsisatları bərpa edilib. 1995-2003-cü illərdə 32 əfv fərmanı müxtəlif cəzalara, habelə ən sərt cəzaya - ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, ümumən 3091 məhkuma tətbiq edilmiş, onların böyük əksəriyyəti cəza çəkməkdən azad edilib. Eyni zamanda, ulu öndər Heydər Əliyev məhkumların bağışlanmasına yönəlmiş digər bir hüquqi təsisatın, yəni, amnistiya aktlarının qəbulunun dövlətimizdə gözəl bir ənənəyə çevrilməsi işində də öz səylərini əsirgəməyib. Belə ki, 1996-2003-cü illərdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilən 7 amnistiya aktının hamısının təşəbbüskarı məhz ümummilli lider Heydər Əliyev olub. Bu amnistiya aktları ümumən 70 mindən artıq müxtəlif cinayətlər törətmiş insanlara tətbiq edilib, onların böyük əksəriyyəti cəza çəkməkdən, bir hissəsi isə cinayət məsuliyyətindən azad ediliblər.
Ümummilli lider Heydər Əliyevin başqa sahələrdə olduğu kimi, ədliyyə sistemində də fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri öz bəhrəsini bu gün də verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilib. Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən hazırda uğurla davam etdirilir. Qısa dövrdə onun tərəfindən imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin edib və həyata keçirilən islahatlara yeni təkan verib.
Bu baxımdan “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış Sərəncam da insan hüquqlarının səmərəli təmini istiqamətində həyata keçirilən islahatların davamlılığı baxımından yeni mərhələ oldu. Bu Sərəncam mahiyyətcə hərtərəfli olmaqla bərabər, özündə insan hüquq və azadlıqlarının əsas prinsiplərini, azadlıq hüququnun təmini baxımından isə strateji, yeni və kompleks yanaşmaları, əsaslı dəyişiklik və əməkdaşlığı özündə ehtiva edir. Həyata keçirilən hüquqi islahatlar insan hüquqlarının genişləndirilməsi baxımından həbs və ya məhkum olunmuş şəxslərin hüquqlarını əhatə etməklə dövlətin sosial məsuliyyətini daha da artırdı. Cinayət törətmiş, hüquq pozuntusuna yol vermiş şəxsin azadlıq hüququ ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsinin qarşısının alınması, bu istiqamətdə cinayət təqibi və cəza icra siyasətinin humanistləşdirilməsi, şəxsin cəmiyyətdən təcrid edilməsi təcrübəsindən getdikcə imtina edilməsi sahəsində mövcud çətinliklər və zərurət məlum Sərəncam əsasında önə çəkilməklə yanaşı, icrası da dövlətin siyasətinin tərkib elementinə çevrilib.
Azərbaycan Respublikası Prezidentinin proqram xarakterli Sərəncamından irəli gələn vəzifələrin dürüst və mütəşəkkil icrası məqsədilə ötən dövrdə Ədliyyə Nazirliyi tərəfindən kompleks tədbirlər görülüb, o cümlədən aidiyyəti qurumlarla birgə işçi qrupu yaradılaraq beynəlxalq təcrübə öyrənilməklə bu sahədə qanunvericilik və məhkəmə-istintaq təcrübəsi təhlil olunub, cəza siyasətinin humanistləşdirilməsi, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı qanunvericilik aktlarına mühüm dəyişikliklər edilib. Belə ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü əsasında Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib. Bu dəyişikliklərə əsasən bir sıra əməllər dekriminallaşdırılıb, azadlıqdan məhrumetmə hallarının azaldılması məqsədilə 160-dək maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən azadlığın məhdudlaşdırılması kimi yeni cəza növü daxil edilib, 40-dək cinayətə görə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilib. Bu Sərəncamın tələbinə müvafiq olaraq ölkəmizdə Probasiya Xidməti yaradılıb və cəzaların icrası zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməsinə başlanıb.
Bu gün ədliyyə sahəsində elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Belə ki, cəzaların icrası zamanı müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə olunmasını təmin etmək məqsədilə məhkumlara elektron nəzarət vasitələrinin tətbiqi geniş vüsət alıb. Ötən qısa zaman ərzində 4500-dən artıq məhkuma elektron nəzarət vasitələri tətbiq edilib.
Görülən tədbirlərin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci il dekabrın 18-də “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların səmərəli icrası məqsədilə elektron nəzarət vasitələrinin tətbiqinin təkmilləşdirilməsi üçün tədbirlər görülməkdədir. Belə ki, ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasında elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı hazırda pilot qaydada sınaqlar aparılır. Bu innovasiyalar qısa müddət ərzində tətbiq edilməsinə baxmayaraq, artıq beynəlxalq marağa səbəb olub və Azərbaycanın innovativ məhsullarından digər dövlətlər də bəhrələnirlər. “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” eyni zamanda ədliyyə orqanlarının və məhkəmələrin inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, sosial, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, infrastrukturun yenilənilməsi məqsədini daşıyır.
Şərəfli və hər bir azərbaycanlıya örnək fəaliyyəti ilə ölkəmizi və xalqını əlçatmaz zirvələrə ucaltmış ümummilli lider Heydər Əliyevin xatirəsi hər birimizin qəlbində yaşayır. Azərbaycanın bugünkü və gələcək nəsillərinin Heydər Əliyevin şərəfli adı və ölməz ruhu qarşısında müqəddəs borcu onun şah əsəri olan müasir müstəqil Azərbaycanın daha da çiçəklənməsi və qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaq, milli birliyimizə sədaqətlə xidmət etməkdir. Bu gün xalqımız ulu öndər Heydər Əliyevin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşmişdir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri, xalqımızın dəstəyi ilə başa çatdıracaq, qüdrətli şəxsiyyət Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirəcək.
Son aylar dünyada və ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbul etdiyi qərarlar və gördüyü tədbirlər nəticəsində ölkəmizdə genişmiqyaslı işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığını qoruyub saxlaya bilməkdədir. Koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması, xalqımızın sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanır.
Ulu Öndər tərəfindən başlanmış və bu gün də inamla davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olaraq, ölkəmizin hərtərəfli tərəqqisinə xidmət edir. Ədliyyə işçiləri də Ümummilli Liderimizin müəyyən etdiyi dövlətçilik amallarına sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə Azərbaycan Prezidentinə layiqli yardımçı olmaq üçün daim əzmlə çalışacaqlar.
Elmin Həsənov
Ədliyyə Nazirliyi Probasiya Xidmətinin
Elektron Monitorinq İdarəsinin rəisi,
kiçik ədliyyə müşaviri