ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN YUBİLEYİ AMERİKADA SİLSİLƏ TƏDBİRLƏRLƏ QEYD OLUNACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi gələn həftədən başlayaraq ABŞ-ın bir sıra şəhərlərində silsilə tədbirlərlə qeyd ediləcəkdir.
Azərbaycanın ABŞ-dakı səfirliyi mayın 7-də Virciniya ştatındakı Maunt Vernon muzeyində ulu öndərin xatirəsinə həsr edilmiş “Müasir Azərbaycanın qurulması: ümummilli lider Heydər Əliyevin irsi” mövzusunda tədbir keçiriləcəkdir. Tədbirdə səfir Yaşar Əliyevin, Maunt Vernon Qadınlar Assosiasiyası rəhbərlərinin və digər qonaqların çıxışları, Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayişi nəzərdə tutulur. Səfirlikdən alınan məlumata görə, Heydər Əliyevin yubiley mərasiminin Maunt Vernonda keçirilməsi təsadüfi deyildir. Bura, Birləşmiş Ştatların ilk prezidenti və dövlət qurucularından biri olan Corc Vaşinqtonun tarixi malikanəsidir. Heydər Əliyev də ABŞ-da çoxlarına məhz Azərbaycanın “Corc Vaşinqtonu” kimi tanınır. Müasir Azərbaycan dövlətinin qurulması və möhkəmlənməsində onun müstəsna rol oynaması burada geniş məlumdur.
Mayın 9-da Kanadanın Ontario ştatında Heydər Əliyev adına Bəşəri Humanist İrs Beynəlxalq Mərkəzində XX əsrin görkəmli şəxsiyyətlərindən biri olan Heydər Əliyevin büstünün açılış mərasimi keçiriləcəkdir. Həmin gün Kanadadakı səfirliyimiz “Şərq-Qərb, Qərb-Şərq - ümumbəşər sülh musiqisi” adlı mədəni layihəyə başlayacaqdır. Layihə çərçivəsində Onatrio Elmi Mərkəzində “İpək Yolu” orkestri konsert proqramı ilə çıxış edəcəkdir. İsmayıl Hacıyevin dirijorluğu ilə orkestr görkəmli bəstəkar Cövdət Hacıyevin ümummilli liderin xatirəsinə həsr etdiyi “Ulu öndər” əsərini ifa edəcəkdir.
Ümummilli liderin yubileyi ABŞ-dakı diaspor təşkilatlarımız tərəfindən də qeyd olunacaqdır. Mayın 10-da Nyu-Yorkda Amerikanın Azərbaycan Cəmiyyəti möhtəşəm tarixi Aleksandr Hamilton binasında konsert və ziyafət təşkil edəcəkdir. Burada dünya azərbaycanlılarının birləşməsində Heydər Əliyevin əvəzedilməz roluna dair çıxışlar səslənəcəkdir.
Texasdakı “Hyuston azərbaycanlıları” diaspor təşkilatı isə mayın 15-də ümummilli liderin yubileyinə həsr olunan Azərbaycan klassik musiqisi axşamı təşkil edəcəkdir. Hyustonun St.Tomas Universitetində olacaq konsertdə xalq artisti Firəngiz Əlizadənin ifasında Azərbaycan bəstəkarlarının əsərlərindən parçalar səslənəcəkdir.
Mayın 12-də ABŞ-ın Klivlend şəhərində ulu öndərin yubileyi münasibətilə Azərbaycan mədəniyyəti bağının və burada “Ocaq” abidəsinin açılış mərasimi olacaqdır. Ohayo ştatında yaşayan Azərbaycan icmasının təşəbbüsü ilə yaradılan Azərbaycan mədəniyyət bağı ümummilli liderin əziz xatirəsini və ruhunu bu şəhərdə daim əbədiləşdirəcəkdir. “Ocaq ” abidəsinin müəllifi ABŞ-da yaşayan həmyerlimiz heykəltəraş Xanlar Qasımovdur.
Heydər Əliyevin yubileyi Los-Ancelesdə də qeyd olunacaqdır.
Ölkəmizin Meksikanın paytaxtı Mexiko şəhərindəki diplomatik nümayəndəliyində Azərbaycan klassik musiqisindən ibarət konsert təşkil ediləcəkdir. Nümayəndəliyimizdən verilən xəbərə görə Meksika simfonik orkestrinin, ifasında Qara Qarayev, Musa Mirzəyev və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səslənəcəkdir.