Ulu Öndərin milli prokurorluq orqanlarının təşəkkülündə müstəsna xidmətləri olub
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də Bakı şəhər və tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə “Azərbaycan dövlətçiliyinin xilasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək onun əziz və unudulmaz xatirəsini anıblar.
Bakı şəhər prokuroru Elşən Abbasov xalqımızın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, ölkə müstəqilliyi, ərazi bütövlüyü və dövlətçiliyə qarşı yönələn qəsdlərin qarşısının alınmasında rolu barədə çıxış edib.
Sonra konfransda Bakı şəhər prokurorunun müavini Mobil Şəfiyev, Nəsimi rayon prokuroru Həsən Hənifəyev və Nizami rayon prokuroru Pərviz İbayevin Ulu Öndərin dövlətçiliyin qorunması, iqtisadiyyatın inkişafı, məhkəmə-hüquq islahatları, milli prokurorluq orqanlarının təşəkkülündəki xidmətləri haqqında çıxışları dinlənilib.
Konfransda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində dövlətimizin daha da qüdrətlənməsi, ərazi bütövlüyünün bərpa olunması, xalqın sosial rifah halının yaxşılaşması xüsusi qeyd olunmaqla, tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan xalqımızın Ulu Öndər Heydər Əliyevin siyasi irsi və ideyalarını daim yaşadacağı, nəsillərdən nəsillərə ötürəcəyi vurğulanıb.