ULYANOVSKDA DAHİ LİDER HEYDƏR ƏLİYEVİN ABİDƏSİ UCALDILACAQDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ulyanovskda (Rusiya) görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaqdır.
ÜAK Ulyanovsk regional bölməsinin (URB) sədri İslam Hüseynov ilyarım əvvəl Azərbaycan xalqının ümummilli lideri, dünyamiqyaslı siyasi xadim Heydər Əliyevin abidəsinin ucaldılması təklifi ilə vilayət və şəhər hakimiyyət orqanlarına müraciət etmişdir. Ulyanovsk rəhbərliyi Azərbaycan diasporu fəallarının təşəbbüsünə məmnuniyyətlə razılıq vermişdir.
Yerli hakimiyyət orqanlarının və şəxsən Ulyanovsk vilayətinin qubernatoru S.Morozovun dəstəyi ilə Ulyanovskın meri S.Yermak abidənin ucaldılması barədə qərar qəbul etmişdir. Rusiyanın tanınmış heykəltəraşı, Yuri Qaqarinin Moskvadakı heykəlinin həmmüəllifi Sergey Bobrakov ilyarımdır ki, abidə üzərində işləyir. Abidənin bu ilin may ayına hazır olacağı nəzərdə tutulmuşdur. Cari ilin yayında təntənəli surətdə açılacaq heykəlin hündürlüyü təxminən 5 metr olacaqdır. Layihənin ÜAK Ulyanovsk regional bölməsinin üzvləri maliyyələşdirirlər.
İ.Hüseynov vurğulamışdır ki, burada yaşayan və milli ənənələrə sadiq qalan, böyüklərə ehtiram bəsləyən azərbaycanlıların qəlbində zəmanəmizin böyük siyasi xadiminin Ulyanovskda abidəsini ucaltmaq ideyası təsadüfən yaranmamışdır. Ulu öndərin çoxşaxəli fəaliyyəti, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına misilsiz töhfəsi xüsusi diqqət və hörmətə layiqdir. İ.Hüseynov demişdir: “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini Ulyanovskda yaxşı xatırlayırlar. O, bu regionda iki dəfə olmuşdur. Heydər Əliyev 1977-ci ildə Nəriman Nərimanovun abidəsinin təntənəli açılış mərasimində iştirak etmişdir. Ulu öndərimizin 1983-cü ildə ikinci səfəri şəhərin tarixinə düşmüşdür. Şəhər sakinləri “Suvorov” teploxodunun Volqa üzərindəki körpünün dayağına çırpılmasını yaxşı xatırlayırlar. O zaman özünü itirmiş şəhər rəhbərliyi vəziyyətdən çıxış yolu tapmırdı. Heydər Əliyev qəzanın səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılmasına dair dövlət komissiyasının sədri kimi Ulyanovska gəlmişdi. O, həmişəki kimi, bütün problemləri yüksək səviyyədə yoluna qoydu”.
Bu yaxınlarda Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov Ulyanovska işgüzar səfər etmiş, şəhər rəhbərliyi ilə görüşmüş və abidənin ucaldılması ilə əlaqədar materiallarla tanış olmuşdur.