ÜMUMDÜNYA ƏMƏYİN MÜHAFİZƏSİ GÜNÜ AZƏRBAYCANDA GENİŞ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Ümumdünya Əməyin Mühafizəsi günü münasibətilə aprelin 29-da “Excelsior” otelində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi və məşğulluq xidməti orqanlarının iştirakı ilə “Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim - peşə riskinin idarə olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir.
Tədbirdə çıxış edən nazir Füzuli Ələkbərov ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və vətəndaşların səmərəli məşğulluğunun artırılması üçün əlverişli şərait yaradıldığını bildirmişdir.
Nazir demişdir ki, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş məşğulluq strategiyasına dair Dövlət Proqramında əhalinin, xüsusilə də gənclərin məşğulluğunun təmin edilməsi vacib vəzifə kimi qarşıya qoyulmuşdur. Bu vəzifələrin layiqincə yerinə yetirilməsi üçün ardıcıl tədbirlər görülmüşdür.
Seminarda Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü “Vətəndaşların əmək hüquqlarının qorunmasında Dövlət Əmək Müfəttişliyinin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
N.Şükürlü 2008-ci ilin birinci rübü ərzində aparılmış yoxlamalardan və tətbiq edilmiş cərimələrdən söz açmışdır.
Natiq demişdir ki, ötən vaxt ərzində 640-a yaxın dövlət və qeyri-dövlət müəssisəsində yoxlamalar aparılmışdır. Cari ilin birinci rübü ərzində qurum tərəfindən 549 ərizə araşdırılmış və 289 məktuba baxılmışdır. Bu dövrdə vəzifəsindən qeyri-qanuni azad olunmuş 18 işçi öz iş yerinə bərpa edilmişdir.
Nəbi Şükürlü demişdir ki, aparılmış ardıcıl işlər nəticəsində 3688 nəfər işçi ilə əmək müqaviləsinin bağlanması təmin edilmişdir.
Dövlət Əmək Müfəttişliyinin rəisi xüsusi vurğulamışdır ki, qurum tərəfindən nəzarətin gücləndirilməsi sayəsində istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə xeyli aşağı düşmüşdür. Bu, özünü daha çox tikinti sektorunda göstərməkdədir.
Bildirilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində əmək qanunvericiliyi və texniki təhlükəsizlik məsələləri üzrə mütəmadi sertifikatlı kurslar təşkil olunur. Kursda məşğələlər nazirliyin mütəxəssisləri tərəfindən aparılır.
Tədbirdə çıxış edən digər natiqlər istehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması istiqamətində nazirlik tərəfindən atılan addımları, aparılan maarifləndirici tədbirləri yüksək qiymətləndirmişlər.
Seminarda Almaniya Federativ Respublikası Əmək və Sosial Məsələlər Federal Nazirliyinin parlamentar dövlət katibi Franz Tönnes təmsil etdiyi ölkədə bu sahədə aparılan islahatlar və əldə edilmiş uğurlar barədə iştirakçılara ətraflı məlumat vermişdir. Franz Tönnes demişdir ki, son illərdə Azərbaycan dinamik şəkildə inkişaf edir, burada sosial sahənin tərəqqisinə göstərilən diqqət və qayğı ölkələrimiz arasında bu sahədə əməkdaşlığın daha da dərinləşməsinə təkan vermişdir.
Sosial sahədə əməkdaşlığın çox vacib olduğunu söyləyən F.Tönnes bildirmişdir ki, əmək fəaliyyəti düzgün qurulanda dövlətin iqtisadiyyatı da güclü olur.
Tədbirdə bir sıra müəssisə və təşkilatların təmsilçiləri əməyin mühafizəsi ilə bağlı fikir və təkliflərini bildirmişlər.