ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin fevralın 21-də hava limanından Fəxri xiyabana gəlmişdir.
Burada ali qonağı və onu müşayiət edən şəxsləri Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və xarici işlər nazirinin müavini Xələf Xələfov qarşıladılar.
Prezident Vladimir Putin görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını ziyarət etdi, ümummilli liderimizin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydu.
Rusiya rəhbəri görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül-çiçək düzdü.