ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN 85 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİKİ KONFRANS
Mayın 1-də Bakı Dövlət Universiteti (BDU) Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı ilə birlikdə xalqımızın ümummilli lideri, BDU-nun məzunu və fəxri doktoru Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş elmi-praktiki konfrans keçirmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoymuş və xatirəsini ehtiramla yad etmişlər.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də gül dəstələri düzülmüşdür.
Tanınmış alim və pedaqoqların, Milli Məclis deputatlarının, tələbələrin iştirak etdikləri tədbirdə Bakı Dövlət Universitetinin rektoru, parlamentin deputatı, akademik Abel Məhərrəmov görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin tarixi rolundan danışmışdır.
Ulu öndərimiz Heydər Əliyevin 85 illik yubileyinin respublikamızda və digər ölkələrdə geniş qeyd edildiyini vurğulayan rektor bildirmişdir ki, Azərbaycan xalqı Heydər Əliyev kimi dahi, əvəzsiz lider yetişdirdiyinə görə xoşbəxtdir.
Akademik A.Məhərrəmov ulu öndərimiz Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük diqqət və qayğı göstərdiyini, dahi rəhbərimizin siyasi xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.
Bu il ölkəmizdə növbəti prezident seçkilərinin keçiriləcəyini xatırladan rektor, xalqımızın qarşıdan gələn seçkilərdə də İlham Əliyevi yekdilliklə dəstəkləyəcəyinə inandığını bildirmişdir.
Müdrik dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.
Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icraçı katibi Əli Əhmədov müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin Vətən və xalq qarşısındakı böyük xidmətlərindən bəhs etmişdir. Bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev bütün həyatını və fəaliyyətini doğma xalqının, millətinin xoşbəxtliyinə, firavan gələcəyinə həsr etmişdir.
1988-1992-ci illərdə respublikamızda baş verən hərc-mərcliyi, ölkəmizin parçalanmaq təhlükəsi ilə üzləşdiyini xatırladan natiq, 1993-cü ildə xalqın təkidli tələbi ilə ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə qaydışından sonra bütün bunların qarşısının alındığını, siyasi sabitliyin, əmin-amanlığın bərqərar olunduğunu, dövlətçiliyimizin inkişaf yoluna qədəm qoyduğunu söyləmişdir.
Ümummilli liderimiz Heydər Əliyev siyasəti nəticəsində ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edən Ə.Əhmədov nəzərə çarpdırmışdır ki, bu gün Azərbaycan öz iqtisadi inkişafına görə dünyanın ən öndə gedən ölkələrindən birinə çevrilmişdir.
Natiq Heydər Əliyev ideyalarının zaman-zaman yaşayacağını vurğulamışdır.
Akademik Fuad Qasımzadə bildirmişdir ki, Heydər Əliyev qüdrətli tarixi şəxsiyyət, misilsiz siyasi xadim, dövlət rəhbəri olmuşdur. O, 35 ilə yaxın bir müddətdə müqtədir siyasi xadim kimi tanınmışdır.
Heydər Əliyevin zəngin siyasi irsinin əhəmiyyətindən danışan natiq qeyd etmişdir ki, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə Azərbaycan dünyada tanınan və nüfuzlu dövlətə çevrilmişdir. Onun ideyaları bu gün də bizi yüksəkliklərə ucaldır. Heydər Əliyevin şah əsəri onun qurduğu müstəqil Azərbaycan dövlətidir.
YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev və digər natiqlər də dahi rəhbərimiz Heydər Əliyevin zəngin və mənalı ömür yolundan, böyük xilaskarlıq rolundan danışmış, ulu öndərimizin siyasi irsinin nəsillərə ən layiqli örnək olduğunu bildirmişlər.
Tədbirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr edilmiş “Heydər Əliyev irsini öyrənirik” müsabiqəsinin qalibi olan tələbələrə mükafatlar verilmişdir.
######
![]() |
![]() |

