Ümummilli Liderin ideyalarının sədaqətlə davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını hərtərəfli inkişafa qovuşdurub
Naxçıvan, 7 may, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətinin birinci dövründə böyük siyasi uzaqgörənliklə ölkəni gələcək müstəqillik üçün hazırlaması 90-cı illərdə müstəqil dövlət quruculuğunda bir baza, zəmin rolunu oynayıb və bu zəmin üzərində müstəqil Azərbaycan dövləti yaradılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Babək Rayon Təşkilatı tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirdə səsləndirilib.
Tədbirdə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov bildirib ki, Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin yarandığı, xalqın əsl xilaskara ehtiyacı olduğu bir dövrdə bütün məsuliyyəti öz üzərinə götürən dahi rəhbər Naxçıvandan xilaskarlıq missiyasına başladı, Azərbaycanın qurtuluş və inkişaf tarixini yazdı. Görkəmli dövlət xadimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olduğu 1991-1993-cü illərdə xalqımız üçün həyati əhəmiyyət daşıyan mühüm tarixi qərarlar qəbul etdi. Ümummilli Liderin 1993-cü il iyunun 15-də respublikamızda ali hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsini təşkil edir.
“Ulu Öndərin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın yeni və davamlı inkişaf modeli kimi özünü doğrultdu, ölkə həyatının bütün sahələrində dönüş yarandı, hərtərəfli sosial-iqtisadi inkişafın əsası qoyuldu. Azərbaycanda güclü ordu formalaşdı” - deyən İsa Məmmədov vurğulayıb ki, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi inkişaf xətti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz xarici iqtisadi əlaqələrini daha da genişləndirib, regional layihələrin lider tərəfdaşına çevrilib. Bu gün Ümummilli Liderin ideyalarının sədaqətlə davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişafa qovuşdurub.
Sonra məruzə ətrafında çıxışlar olub.
Məruzə ətrafındakı çıxışlardan sonra YAP-a qəbul edilən bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub, şagirdlər Ulu Öndərə həsr edilmiş şeirlər söyləyiblər.
Sonda “Ən böyük Azərbaycanlı” sənədli filminə baxış olub.
X X X
Kəngərli rayonunda da ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir təşkil olunub.
YAP Kəngərli Rayon Təşkilatı tərəfindən keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu Öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri Azərbaycanın ən yeni tarixinin 40 ilə yaxın dövrünü əhatə edir. Milli dövlətçilik tariximizin ən şanlı və parlaq səhifələri Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə yazılıb. Bu baxımdan Azərbaycanda 1969-1982-ci illərdəki inkişaf və tərəqqi, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb və gələcəyə hesablanmış sosial-iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
“1993-cü ildə Ümummilli Liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, xarici investorlar respublikamıza cəlb edilərək iqtisadiyyat dirçəldildi. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik, azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi daşıyırdı” - deyən Sevda Quliyeva bildirib ki, 1994-cü ilin ikinci yarısından başlayaraq görkəmli dövlət xadimi Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində region üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı və bundan sonra Azərbaycanda inkişafın yeni mərhələsi başlandı. Həyata keçirilən tədbirlər nəticəsində hazırda respublikamız regionun lider ölkəsinə çevrilib. Qazanılmış nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.
Tədbirdə YAP Kəngərli Rayon Təşkilatının şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov, təşkilatın Gənclər Birliyinin üzvü, Qıvraq qəsəbə ərazi ilk partiya təşkilatının sədri Yunis Ələkbərov çıxış ediblər.
Sonra YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verilib. Tədbirin sonunda məktəblilər Ulu Öndərə həsr olunmuş şeirləri bədii qiraət edib, Ümummilli Liderin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.
X X X
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Sədərək rayonunda da qeyd edilib.
YAP Sədərək Rayon Təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov geniş məruzə ilə çıxış edib.
Arif Qasımov vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü xalqımız tərəfindən, eləcə də Türk dünyasında böyük ruh yüksəkliyi ilə qeyd olunur. Bütün bunlar onu göstərir ki, görkəmli dövlət xadiminin müdrik siyasəti daim yaşayacaq və Azərbaycan dövlətinin tərəqqisinin ən böyük təminatçısı olacaq. Ulu Öndər tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsi ölkənin hərtərəfli siyasi-iqtisadi inkişafını təmin edib. Bu inkişaf muxtar respublikanı da hərtərəfli tərəqqiyə qovuşdurub.
Tədbirdə YAP Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Ceyhun Əlizadə, Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyev, YAP üzvləri Sevinc Səfərzadə və Əjdər Məmmədhəsənov çıxış edərək Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıblar.
Sonda 21 nəfər gəncə YAP-ın üzvlük vəsiqələri təqdim edilib. Məktəblilər Ümummilli Liderə həsr olunan şeirlər səsləndiriblər.