Ümumtəhsil məktəblərində yaz mövsümünün ətraflı tibbi müayinələrinə start verilib
Naxçıvan, 6 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasındakı ümumtəhsil məktəblərində yaz mövsümünün ətraflı tibbi müayinələrinə start verilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tibbi müayinələr aprelin 25-dək davam edəcək. Müayinələrin normal təşkili üçün əvvəlcədən cədvəllər tərtib olunaraq məktəblərə göndərilib. Orta məktəblərdə çalışan tibb işçiləri ilə xəstəxananın dispanserizasiyası barədə söhbətlər aparılıb, lazımi izahatlar verilib. Şagirdlər əvvəlcədən məktəb həkimi tərəfindən müayinələrdən keçərək qruplaşdırılıb.
Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il Naxçıvan şəhərində 20 tam orta məktəbin şagirdləri yaz mövsümünün ətraflı tibbi müayinələri ilə əhatə ediləcək. Bu məqsədlə pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, ftiziatr və digər ixtisaslı həkimlərdən ibarət briqada yaradılıb. Tibbi müayinələrə Naxçıvan şəhərindəki 1 və 2 nömrəli tam orta məktəblərdə, Naxçıvan Qızlar Liseyində start verilib. Min nəfərdən çox şagird müayinədən keçirilib. Bəzi şagirdlərdə miopiya (yaxındangörmə), ortodontik, nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstəlikləri aşkarlanıb, xəstələr üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub.