UNEC-də qiyabi təhsil üzrə distant imtahanlar təşkil olunub
Bakı, 9 may, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qiyabi təhsil alan tələbələrin akademik borclarının ləğv edilməsi məqsədilə distant imtahanlar təşkil olunub.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, imtahanlar elmi şuranın müvafiq qərarı əsasında, təsdiqlənmiş akademik təqvim planına uyğun olaraq keçirilib. Yeni formalaşdırılan imtahan mexanizmi distant və onlayn imtahanlara uzaqdan nəzarət və müşahidə edilməsinə imkan verən “Proktorinq” sisteminə əsaslanaraq qurulub. Bu sistemə əsasən, imtahan nəzarətini həyata keçirənlər (proktorlar) veb-kamera vasitəsilə imtahan verən şəxslərə və onların monitorlarının iş stoluna nəzarət edirlər. Bu cür texnologiya imtahan verənin şəxsiyyətini müəyyənləşdirməyə, onun biliyini obyektiv qiymətləndirməyə imkan verir və müxtəlif köməkçi vasitələrdən istifadə edə bilməsinin qarşısını alır.
Yeni distant imtahan mexanizminin uğurla sınaqdan keçirilməsini nəzərə alaraq, UNEC-in rektoru, professor Ədalət Muradov qarşıdan gələn yay imtahan sessiyasının “Proktorinq” sistemi əsasında distant keçirilməsi ilə bağlı zəruri işlər görülməsi üçün tapşırıqlar verib.
UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzi distant imtahanların təşkili ilə bağlı qiyabi təhsil alan tələbələr arasında sorğu keçirib. Distant imtahan verən tələbələrin 68 faizi sorğuda iştirak edib. Sorğuda imtahanların distant formadan təşkilindən 98,7 faiz, proktorinq sisteminin tətbiqindən 94,8 faiz tələbə razı qaldığını bildirib.