UNEP: Son onillikdə mühafizə olunan təbii ərazilərin sahəsi 42 faiz artıb
Bakı, 20 may, AZƏRTAC
Biomüxtəlifliyin itirilməsi fonunda xoş xəbərlər də alınır: son onillikdə mühafizə olunan təbii ərazilərin sahəsi 42 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə BMT Ətraf Mühit Proqramının (UNEP) və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (BTMİ) məruzəsində bildirilir.
Məruzədə göstərilir ki, hazırda 22 milyon kvadratkilometrdən çox quru ərazi və daxili ekosistemlərin suyu (16,7 faiz), habelə 28 milyon kvadratkilometr okean ərazisi (7,7 faiz) mühafizə olunur.
Bununla bərabər ekspertlər vurğulayır ki, hazırda biomüxtəlifliyin yüksək səviyyədə olduğu bütün zonaların üçdəbir hissəsi qorunmur, digər tərəfdən hətta mühafizə olunan ərazilərdə də biomüxtəlifliyin itirilməsi müşahidə olunur. Üstəlik, belə rayonların çoxu öz aralarında birləşməyib, bu da zəruri bioloji proseslərə əngəl törədir.
UNEP-in nümayəndəsi Nevill Eş deyib: “Mühafizə olunan ərazilər biomüxtəlifliyin itirilməsinə qarşı mübarizədə həlledici rol oynayır və son illərdə mühafizə olunan təbii ərazilərin qlobal şəbəkəsinin möhkəmlənməsində ciddi irəliləyiş olub”. Bununla bərabər Eş vurğulayıb ki, hələ görüləsi iş çoxdur. O deyib: “Əgər biz həmin ərazilərin yerli və qlobal səviyyədə potensialını reallaşdırmaq, Planetin və onun sakinlərinin daha yaxşı gələcəyini təmin etmək istəyiriksə, bu ərazilərdən səmərəli istifadə etmək və onları ədalətlə idarə etmək lazımdır.
Beynəlxalq Təbiəti Mühafizə İttifaqının baş direktoru Bruno Oberle deyib: “Beynəlxalq Təbiəti Mühafizə İttifaqı məmnuniyyətlə qeyd edir ki, xüsusən son onillikdə böyük tərəqqiyə nail olmuşuq. Planetdə mühafizə olunan ərazilər çoxalır. Biomüxtəliflik azalmaqda davam etdiyinə görə, biz BMT-nin Kuinmində keçiriləcək biomüxtəliflik üzrə konfransının iştirakçılarını öz qarşılarına yüksək bir hədəf qoymağa - 3030-cu ilə qədər quru ərazini, içməli suların və okean sahələrinin 30 faizinin mühafizə olunan ərazilərə çevrilməsinə nail olmağa çağırırıq”.
BMT-nin biomüxtəliflik üzrə konfransı hələ 2020-ci ildə Çinin Kuinmin şəhərində keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən həmin tədbirin vaxtı dəyişdirilib və bu il oktyabr ayında keçiriləcək.