İQTİSADİYYAT
UNESCAP Azərbaycan startaplarının korporativ vençur kapitalına çıxışını genişləndirmək niyyətindədir
![UNESCAP Azərbaycan startaplarının korporativ vençur kapitalına çıxışını genişləndirmək niyyətindədir](/files/2024/2/1200x630/17182591045613844099_1200x630.jpg)
Bakı, 13 iyun, AZƏRTAC
UNESCAP Azərbaycan startaplarının korporativ vençur kapitalına çıxışını genişləndirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda Ağıllı Sənaye Hazırlığı İndeksi üzrə keçirilən seminarda BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) nümayəndəsi Hizer Straus jurnalistlərə məlumat verib.
O qeyd edib ki, bu həftə ərzində Bakıda Dünya İqtisadi Forumu və AZPROMO ilə əməkdaşlıq çərçivəsində Dördüncü Sənaye İnqilabı Mərkəzinin təşkilatçılığı ilə startaplar üçün seminarlar keçiriləcək, kiçik və orta biznes müəssisələrinə dəstək məqsədilə bir sıra tədbirlər icra olunacaq.
“Ötən gün biz Ağıllı Sənaye Hazırlığı İndeksi olan SIRI-ni təqdim etdik. Bu gün biz Azərbaycan, Türkiyə və Tacikistandan olan startaplar üçün iki günlük xüsusi seminara başlamışıq, ardınca isə bir sıra virtual görüş xarakterli tədbirlər baş tutacaq. Seminarın məqsədi genişlənmə mərhələsində olan startaplarla praktiki iş aparmaq və onlara korporativ vençur kapitalının cəlb edilməsi üsullarını öyrətməkdir. Bu bazar trilyonlarla dollar dəyərindədir və genişlənmə mərhələsində olan startaplar təxminən üç trilyon dollar vəsait əldə edə bilərlər. Bununla belə, əksər startaplar investor tapmaq və investisiya cəlb etməkdə problemlərlə üzləşirlər. İştirakçılar seminarda korporativ vençur kapitalı investorları necə tapmağı, onlarla əlaqə qurmağı və layihələrini təqdim etməyi öyrənəcəklər. Bu bilik startaplara şirkətlərini genişləndirmək və inkişaf üçün vençur kapitaldan istifadə etməyə kömək edəcək. Düşünürəm ki, bu tədbirlər startapların və KOB-ların investisiya tendensiyalarına və beynəlxalq miqyasda inkişafına töhfə verəcək”, - deyə H.Straus əlavə edib.