Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri üçün “Teatr günü” təşkil olunub
Bakı, 3 iyul, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinin mədəni həyata inteqrasiyasının təşviqi, asudə vaxtlarının səmərəli təşkili və milli-mənəvi dəyərlərin təbliği məqsədilə növbəti sosial-mədəni tədbir təşkil olunub.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində iştirakçılar Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli Azərbaycan şairəsi və ictimai xadimi Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr olunmuş “Xurşidbanu Natəvan” tamaşasını izləyiblər. Səhnə əsərində Xurşidbanu Natəvanın zəngin yaradıcılığı, Vətənə, xalqa və milli-mədəni irsə bağlılığı bədii formada təqdim olunub.
Tədbirin məqsədi sosial dəstəyə ehtiyacı olan ailələrin üzvlərinin mədəni tədbirlərdə iştirak imkanlarının genişləndirilməsi, onların sosial inteqrasiyasının dəstəklənməsi, ədəbiyyatımızın və mədəni irsimizin tanıdılması olub.
DSMF tərəfindən vətəndaşların sosial rifahının yüksəldilməsi, cəmiyyətə inteqrasiyasının gücləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili istiqamətində reallaşdıran bu kimi sosial-mədəni layihələrin icrası davam etdirilir.